İyun 1.mp3

2 Padşahlar 13

1 Yəhuda padşahı Axazya oğlu Yoaşın padşahlığının iyirmi üçüncü ilində Yehunun oğlu Yehoaxaz Samariyada İsrail üzərində padşah oldu və on yeddi il padşahlıq etdi. 2 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahların dalınca getdi, onlardan əl çəkmədi.

3 İsrailə qarşı Rəbbin qəzəbi alovlandı və Yehoaxazın bütün ömrü boyu onları Aram padşahı Xazaelin və Xazaelin oğlu Ben-Hadadın əlinə verdi. 4 Yehoaxaz Rəbbə üz tutub yalvardı və Rəbb onu eşitdi, çünki İsraillilərin əzabını və Aram padşahının onlara necə zülm etdiyini gördü. 5 Rəbb İsraillilərə bir xilaskar verdi və onlar Aramın əsarəti altından çıxdılar. İsraillilər əvvəlki kimi öz torpaqlarında yaşadılar. 6 Ancaq onlar Yarovam nəslinin İsrailə etdirdiyi günahlardan əl çəkmədilər və bu günahların dalınca getdilər, Aşera bütü də Samariyada qalırdı. 7 Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi.

8 Yehoaxazın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 9 Yehoaxaz ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yoaş padşah oldu.

10 Yəhuda padşahı Yoaşın padşahlığının otuz yeddinci ilində Yehoaxaz oğlu Yoaş Samariyada İsrail üzərində padşah oldu və on altı il padşahlıq etdi. 11 O, Rəbbin gözündə pis olan işlər etdi, Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi və bu günahların dalınca getdi.

12 Yoaşın qalan işləri, etdiyi hər şey və Yəhuda padşahı Amasya ilə döyüşdə göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 13 Yoaş ataları ilə uyudu və onun taxtında Yarovam oturdu. Yoaş Samariyada İsrail padşahlarının yanında basdırıldı.

14 Elişa ölümcül halda xəstələnmişdi. İsrail padşahı Yoaş ona baş çəkmək üçün yanına gəldi və ağlayıb dedi: «Atam, ey atam! İsrailin arabası və atlıları!» 15 Elişa ona dedi: «Kaman və oxlar götür». O, kaman və oxlar götürdü. 16 Elişa İsrail padşahına dedi: «Kamanı çək». O, kamanı çəkdi. Elişa əllərini padşahın əlləri üstünə qoydu. 17 Sonra dedi: «Şərq tərəfdəki pəncərəni aç». O açdı. Elişa «oxu at» dedi. O atdı. Elişa dedi: «Bu, Rəbbin qurtuluş oxu, Arama qarşı qurtuluş oxudur! Sən Aramlıları Afeqdə axıra qədər qıracaqsan». 18 Sonra dedi: «Oxları götür». O götürdü. Elişa İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı. 19 Allah adamı ona qəzəblənib dedi: «Beş-altı dəfə vurmalı idin. Onda Aramlıları axıra qədər qıra bilərdin, indi isə onları üç dəfə qıracaqsan».

20 Elişa öldü və onu basdırdılar. Moavlıların dəstələri hər bahar fəslində ölkəyə gələrdi. 21 Bir dəfə bir nəfəri basdırarkən adamlar bir dəstə gördülər və ölünü Elişanın qəbrinə atdılar. Ölü düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayaq üstə qalxdı.

22 Yehoaxazın bütün ömrü boyu Aram padşahı Xazael İsraillilərə zülm etdi. 23 Ancaq Rəbb İbrahim, İshaq və Yaqubla etdiyi əhdindən ötrü lütf və mərhəmət göstərib onlara tərəf üz tutdu, onları məhv etmək istəmədi və indiyə qədər Öz hüzurundan kənar etmədi. 24 Aram padşahı Xazael öldü və yerinə oğlu Ben-Hadad padşah oldu. 25 Yehoaxaz oğlu Yoaş müharibədə atası Yehoaxazın əlindən alınan şəhərləri Xazaelin oğlu Ben-Hadadın əlindən aldı. Yoaş Aramlıları üç dəfə qırıb İsrail şəhərlərini geri aldı.

2 Padşahlar 14

1 İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu. 2 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi. 3 Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi. 4 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.

5 Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü. 6 * Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir». 7 O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir.

8 O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq». 9 İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı. 10 Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»

11 Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı. 12 Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı. 13 İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu. 14 Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.

15 Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 16 Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu.

17 Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.

18 Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 19 Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər. 20 Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar. 21 Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı * götürüb atası Amasyanın yerinə padşah etdi. 22 Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi.

23 Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi. 24 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi. 25 * Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı. 26 Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı. 27 Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi.

28 Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 29 Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu.