27b Onun yerinə oğlu Xizqiya padşah oldu.
1 Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi. 2 Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
3 Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi. 4 Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı. 5 Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın. 6 Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər. 7 Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər. 8 Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi. 9 Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir. 10 İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin. 11 Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».
12 Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden; 13 Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya; 14 Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel. 15 Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər. 16 Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı. 17 Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.
18 Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik. 19 Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».
20 Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı. 21 Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər. 22 Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər. 23 Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular. 24 Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.
25 Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi. 26 Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı. 27 Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı. 28 Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi. 29 Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi. 30 Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.
31 Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi. 32 Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi. 33 Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi. 34 Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi. 35 Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu. 36 Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.
1 Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı. 2 * Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi. 3 Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər. 4 Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi. 5 Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər.
6 Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər:
«Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq. 7 Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi. 8 İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün. 9 Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».
10 Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular. 11 Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi. 12 Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər.
13 İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı. 14 Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar. 15 İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər. 16 Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər. 17 Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi. 18 Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi. 19 Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın». 20 Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi. 21 Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər. 22 Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər.
23 Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər. 24 Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi. 25 Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi. 26 Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı. 27 Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.
1 Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.