1 Rəbb Musaya dedi: 2 «İsrail övladlarına belə söylə: “Sakin olmaq üçün sizə verəcəyim torpağa girib yaşadığınız vaxt 3 əgər kimsə Rəbbin xoşuna gələn ətri təqdim etmək üçün yandırma qurbanı, əhd qurbanı, könüllü qurban yaxud bayram qurbanı olaraq mal-qaradan yaxud qoyun-keçidən Rəbb üçün yandırma təqdimi versə, 4 Rəbbə qurban gətirən adam taxıl təqdimi kimi dörddə bir hin zeytun yağı ilə yoğrulmuş efanın onda biri qədər narın un gətirsin. 5 Yandırma qurbanı yaxud digər növlü qurban üçün hər bir quzuya tökülən içmə təqdimi olaraq dörddə bir hin şərab hazırlayın.
6 Qoç üçün taxıl təqdimi kimi hinin üçdə biri qədər zeytun yağı ilə yoğrulmuş efanın onda iki hissəsi qədər narın un və 7 içmə təqdimi kimi hinin üçdə biri qədər şərab hazırlayın. Bunları Rəbbin xoşuna gələn ətir olaraq təqdim edin.
8 Rəbbə yandırma qurbanı, əhd qurbanı və yaxud ünsiyyət qurbanı kimi bir buğa kəsərkən 9 buğa ilə birlikdə taxıl təqdimi kimi yarım hin zeytun yağı ilə yoğrulmuş efanın onda üçü qədər narın un gətirin. 10 İçmə təqdimi kimi yarım hin şərab təqdim edin. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
11 Hər buğa, qoç, quzu və yaxud keçi belə hazırlansın. 12 Nə qədər heyvan kəssəniz, hər biri ilə birlikdə eyni təqdimi gətirin. 13 Hər bir yerli İsrail övladı Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən bu şeyləri belə etsin.
14 Müvəqqəti yaxud nəsildən-nəslə aranızda yaşayan yadelli Rəbbin xoşuna gələn ətri – yandırma təqdimini gətirərkən eynilə sizin etdiyiniz kimi etsin. 15 Ey camaat, sizin üçün də, sizinlə yaşayan yadelli üçün də qayda birdir, nəsillər boyu daimi qaydadır, çünki Rəbb sizə də, yadellilərə də bir gözlə baxır. 16 * Sizin üçün də, sizinlə yaşayan yadellilər üçün də eyni qanun və eyni hökm olmalıdır”».
17 Rəbb Musaya belə dedi: 18 «İsrail övladlarına belə söylə: “Mən sizi aparacağım torpağa girib yaşadığınız vaxt 19 torpağın çörəyindən yeyəndə onun müəyyən hissəsini Rəbbə qaldırma təqdimi kimi verin. 20 İlk xəmirinizdən bir yastı kökə gətirin, bunu xırmanınızın qaldırma təqdimi kimi verin. 21 İlk xəmirinizdən edilən bu qaldırma təqdimini nəsildən-nəslə qədər Rəbbə verin.
22 Əgər səhv edib Rəbbin Musaya buyurduğu əmrlərin birinə –23 Rəbbin əmr etdiyi gündən başlayaraq nəsildən-nəslə Musa vasitəsilə sizə buyurduğu hər hansı bir şeyə əməl etmirsinizsə 24 bu iş səhvən İsrail icması tərəfindən bilmədən edilirsə, onda bütün icma Rəbbin xoşuna gələn ətir olaraq qaydaya görə taxıl və içmə təqdimləri ilə birlikdə yandırma qurbanı olaraq bir buğa və günah qurbanı olaraq bir təkə gətirsin. 25 Kahin bütün İsrail övladlarının icması üçün kəffarə etsin. Beləcə onlar bağışlanacaqlar, çünki səhv olmuşdur və bu səhv üçün də Rəbb üçün yandırma təqdimi olan qurbanlarını və Onun hüzurunda günah qurbanlarını gətirmişlər. 26 Bütün İsrail icması və aralarında yaşayan yadellilər bağışlanacaq, çünki bütün xalq bilmədən səhv etmişdir.
27 * Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin. 28 Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə edilən adam bağışlanacaq. 29 İsrail övladları arasında yerli olsun ya da yadelli olsun, bilmədən günah edənlər üçün qoy qanun bir olsun.
30 Lakin əgər yerli ya yadelli qəsdən günah işlətsə, Rəbbə küfr etmişdir və xalqı arasından qovulsun. 31 Çünki o, Rəbbin sözünə xor baxıb və Onun əmrini pozub. Belə adam mütləq qovulsun və öz cəzasını çəksin”».
32 İsrail övladları səhrada olarkən Şənbə günündə odun yığan bir adama rast gəldilər. 33 Odun toplayan adamla rastlaşanlar onu Musanın, Harunun və bütün icmanın qarşısına gətirdilər. 34 O adamı həbs etdilər, çünki onunla nə edəcəkləri hələ qərara alınmamışdı. 35 Rəbb Musaya dedi: «Bu adam öldürülməlidir; qoy bütün icma onu düşərgədən kənara aparsın və daşqalaq edərək öldürsün». 36 İcma o adamı düşərgədən kənara çıxarıb Rəbbin Musaya əmr etdiyi kimi daşqalaq edərək öldürdü.
37 Rəbb Musaya belə dedi: 38 * «İsrail övladlarına de ki, nəsildən-nəslə geyimlərinin ətəklərinə dörd tərəfdən qotaz tiksinlər. Hər qotazın üzərinə bənövşəyi qaytan salsınlar. 39 Bu qotazlara baxanda Rəbbin bütün əmrlərini xatırlayın və onlara əməl edin; öz ürəyinizin və gözlərinizin istəklərinə qapılıb Mənə xəyanət etməyin. 40 O zaman bütün əmrlərimi yadda saxlayıb yerinə yetirəcəksiniz və Allahınızın hüzurunda müqəddəs olacaqsınız. 41 Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm. Bəli, Allahınız Rəbb Mənəm!»
1 * Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə 2 Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. 3 Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?»
4 Musa bunu eşidib üzüstə yerə sərildi. 5 Sonra Qorah ilə bütün yoldaşlarına dedi: «Səhər Rəbb kimin Ona məxsus, kimin müqəddəs olduğunu göstərəcək və həmin adamın Öz hüzuruna girməsinə izin verəcək. Rəbbin seçdiyi adam hüzuruna girməsinə izin verdiyi adamdır. 6 Ey Qorah və bütün yoldaşları, özünüz üçün buxurdanlar alın; 7 səhəri gün Rəbbin hüzurunda onların içinə közərmiş kömür və buxur qoyun. Beləliklə, Rəbb kimi seçibsə, müqəddəs olan o olacaqdır. Ey Levililər, artıq bəsdir!»
8 Musa Qoraha bunu da söylədi: «Ey Levililər, mənə qulaq asın! 9 İsrailin Allahı sizi İsrail icmasından seçib Öz hüzuruna gəlməniz üçün imkan yaratdı ki, Rəbbin məskənində iş görəsiniz və icmanın önündə duraraq onlara xidmət edəsiniz. 10 Sizə və bütün Levili qardaşlarınıza Öz hüzuruna girmə səlahiyyətini verdi. Bu sizə azmı gəlir? İndi kahinliyi də istəyirsiniz? 11 Deməli, ey Qorah, sən və bütün yoldaşların belə toplanaraq Rəbbə qarşı çıxırsınız. Harun kimdir ki, ona qarşı deyinirsiniz?»
12 Musa Eliav oğulları Datanı və Aviramı çağırtdırdı və onlar dedi: «Gəlməyəcəyik! 13 Bizi səhrada öldürmək üçün süd və bal axan ölkədən çıxardığın bəs deyil, hələ özünü üzərimizdə başçı etmək istəyirsən? 14 Bundan başqa, bizi süd və bal axan bir ölkəyə gətirmədin, irs olaraq bizə tarlalar və bağlar vermədin. Bu adamların gözündən pərdə asmaq istəyirsən? Gəlməyəcəyik!»
15 Musa çox qəzəblənib Rəbbə dedi: «Onların təqdimlərinə əhəmiyyət vermə; onlardan bir eşşək belə, almadım və onların heç birinə pislik etmədim».
16 Musa Qoraha dedi: «Sən və bütün yoldaşların, sabah Rəbbin hüzurunda olun – sən, onlar və Harun. 17 Hər biriniz öz buxurdanınızı götürüb üzərinə buxur qoyun. Sonra iki yüz əlli nəfərin hər biri buxurdan götürüb Rəbbin hüzuruna gətirsin. Sən və Harun da buxurdanınızı gətirin». 18 Hər kəs öz buxurdanını götürüb içinə közərmiş kömür və buxur qoydu. Sonra Musa və Harunla birgə Hüzur çadırının girişində durdular. 19 Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü.