Aprel 1.mp3

Yeşua 9

1 İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman 2 Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar.

3 Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə 4 hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər. 5 Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi. 6 Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin». 7 * İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?» 8 Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?» 9 Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri, 10 * İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik. 11 Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”. 12 Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib. 13 Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib».

14 İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar. 15 Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər.

16 Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır. 17 İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi. 18 İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı. 19 Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq. 20 Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr». 21 Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu.

22 Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız? 23 İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız». 24 Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik. 25 Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et». 26 Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər. 27 O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir.

Yeşua 10:1-10:27

1 Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi. 2 O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi. 3 Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi: 4 «Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb». 5 Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.

6 Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib». 7 Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.

8 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək». 9 Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi. 10 Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar. 11 Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.

12 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi:

«Dayan, ey günəş, Giveon üzərində,

Ey ay, Ayyalon dərəsində».

13 * İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı. 14 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.

15 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.

16 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi. 17 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər. 18 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun. 19 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib». 20 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı. 21 Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.

22 O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin». 23 Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər. 24 Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular. 25 Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək». 26 Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar. 27 Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.