1 * Babil padşahı Navuxodonosor öz hakimiyyəti altındakı bütün padşahlıqlar və xalqlardan yığılan ordusu ilə birgə Yerusəlimə və ətrafındakı şəhərlərə qarşı döyüşən vaxt Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «İsrailin Allahı Rəbb deyir ki, get Yəhuda padşahı Sidqiya ilə danış, söylə ki, Rəbb belə deyir: “Bu şəhəri Babil padşahına təslim edəcəyəm və o buraya od vuracaq. 3 Sən Sidqiya onun əlindən qaçıb qurtulmayacaqsan, mütləq ələ keçib ona təslim ediləcəksən. Babil padşahını öz gözünlə görəcəksən, o səninlə üzbəüz danışacaq. Sonra Babilə aparılacaqsan”. 4 Ancaq, ey Yəhuda padşahı Sidqiya, Rəbbin sözünə qulaq as. Rəbb sənin barəndə belə deyir: “Qılıncla öldürülməyəcəksən, 5 əmin-amanlıqda öləcəksən. Səndən əvvəl padşah olan atalarının şərəfinə ətirli maddə yandırdıqları kimi sənin də şərəfinə ətirli maddə yandırıb ‹ah, ağamız› deyərək yas tutacaqlar. Çünki Mən Rəbb bunu söylədim”».
6 Yeremya peyğəmbər bütün bu sözləri Yerusəlimdə Yəhuda padşahı Sidqiyaya söylədi. 7 Həmin vaxt Babil padşahının ordusu Yerusəlimə və Yəhudanın hələ ələ keçirilməmiş şəhərləri olan Lakişə və Azeqaya hücum edirdi. Yəhudanın qalalı şəhərlərindən yalnız bunlar qalmışdı.
8 Padşah Sidqiya Yerusəlimdəki xalqla əhd kəsərək qulların azadlığını elan etdikdən sonra Rəbdən Yeremyaya söz nazil oldu. 9 Bu əhdə görə hər kəs İbrani xalqından olan kişi və qadın qullarını azad etməli, Yəhudi soydaşını yanında qul kimi saxlamamalı idi. 10 Bir-birləri ilə belə əhd bağlayan bütün başçılar və xalq buna qulaq asıb öz kişi və qadın qullarını azad etdilər, bir daha heç kəsi özlərinə qul etməyəcəklərinə söz verdilər, qulaq asıb qullarını azad etdilər. 11 Amma sonra fikirlərini dəyişib azad etdikləri kişi və qadın qulları yenə özlərinə qul etdilər.
12 Bundan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 13 «İsrail Allahı Rəbb belə deyir: “Mən atalarınızı Misir torpağından – köləlik diyarından çıxardığım gün onlarla əhd bağlayıb dedim: 14 * ‹Sizə satılıb altı il qulluq edən İbrani soydaşlarınızı yeddinci il azad edib sərbəst buraxın›. Ancaq atalarınız Məni eşidib qulaq asmadı. 15 İndi isə siz tövbə edib gözümdə doğru olanı etdiniz. Hamınız soydaşlarınızın azadlığını elan etdiniz. Mənim önümdə, Mənim adımla çağırılan məbəddə bu barədə əhd bağladınız. 16 Amma sonra fikrinizi dəyişib adıma hörmətsizlik etdiniz. İstəklərinə görə azad etdiyiniz kişi və qadın qullarınızı təzədən zorla qul etdiniz”.
17 Buna görə də Rəbb belə deyir: “Qul olan soydaşlarınızı – öz həmvətənlərinizi azad etməyərək Mənə qulaq asmadınız. İndi Mən də sizə azadlıq – qılınc, vəba və aclıqdan məhv olmanız üçün azadlıq elan edəcəyəm. Sizi yer üzünün bütün ölkələrinin qarşısında dəhşətli hala salacağam. 18 Əhdimi pozan, önümdə bağladığım əhdin şərtlərinə əməl etməyən bu adamları iki yerə bölüb parçaları arasından keçdikləri dana kimi edəcəyəm. 19 Dana parçalarının arasından keçmiş Yəhuda və Yerusəlim başçılarını, saray əyanlarını, kahinləri və bütün ölkə xalqını 20 öz düşmənlərinə – canlarını almaq istəyənlərə təslim edəcəyəm. Cəsədləri göydəki quşlara və yerdəki heyvanlara yem olacaq. 21 Yəhuda padşahı Sidqiyanı və onun başçılarını canlarını almaq istəyən düşmənlərinə – Babil padşahının üzərinizdən çəkilən ordusuna təslim edəcəyəm”. 22 Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”».
1 * Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin dövründə Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Rekavlıların evinə gedib onlarla danış. Onları Rəbbin məbədinin otaqlarından birinə aparıb içməyə şərab ver». 3 Bunun üçün Xavassinya oğlu Yeremya oğlu Yaazanyanı, onun qardaşlarını, bütün övladlarını və Rekav ailəsinin o biri üzvlərini yanıma alıb 4 Allah adamı İqdalya oğlu Xananın oğullarının Rəbbin məbədindəki otağına apardım. Bu otaq astana keşikçisi Şallum oğlu Maaseyanın otağı üzərindəki başçılar otağının yanında idi. 5 Mən Rekav ailəsinin üzvlərinin qabağına şərab dolu camlar və kasalar qoyaraq «buyurun, şərab için» dedim. 6 Lakin onlar dedi: «Biz şərab içmirik. Çünki atamız Rekav oğlu Yehonadav bizə belə əmr etdi: “Siz və nəsliniz heç vaxt şərab içməyin! 7 Özünüz üçün ev tikməyin, toxum əkməyin, bağ salmayın. Bu şeyləri almayın, etməyin, ömrünüz boyu çadırlarda yaşayın. Belə etsəniz, köç etdiyiniz torpaqlarda uzun müddət yaşayarsınız”. 8 Atamız Rekav oğlu Yehonadavın bizə əmr etdiyi hər şeyə qulaq asdıq. Nə biz, nə arvadlarımız, nə də oğul-qızlarımız heç vaxt şərab içmədik. 9 İçində yaşamaq üçün evlər tikmədik, bağlar, tarlalar və əkinlər salmadıq. 10 Çadırlarda yaşadıq. Atamız Yehonadav nə əmr etdisə, hamısına qulaq asıb əməl etdik. 11 Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edən zaman “gəlin Xaldey və Aram ordusundan qaçmaq üçün Yerusəlimə gedək” dedik. Buna görə də Yerusəlimdə qalırıq».
12 Bundan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 13 «İsrailin Allahı olan Ordular Rəbbi deyir ki, get Yəhuda adamlarına və Yerusəlimdə yaşayanlara bunları söylə: “Siz heç bir dərs almayacaq, sözlərimə qulaq asmayacaqsınız?” Rəbb belə bəyan edir. 14 “Rekav oğlu Yehonadav öz nəslinə şərab içməmələrini əmr etdi, nəsli də onun əmrinə əməl etdi və bu günə qədər də şərab içmirlər. Çünki atalarının əmrinə qulaq asdılar. Mən isə sizinlə dəfələrlə danışdığım halda Mənə qulaq asmadınız. 15 Öz qullarım olan peyğəmbərləri dəfələrlə sizin yanınıza göndərdim. Onlar sizə dedi: ‹İndi hər biriniz öz pis yolunuzdan dönün, əməllərinizi islah edin, başqa allahların tərəfdarı olaraq onlara qulluq etməyin. Onda sizə və atalarınıza verdiyim ölkədə yaşayacaqsınız›. Amma Məni eşitməyib qulaq asmadınız. 16 Rekav oğlu Yehonadavın övladları atalarının əmr etdiyinə əməl etdi, amma bu xalq Mənə qulaq asmadı”. 17 Buna görə də İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Mən söylədiyim bütün fəlakətləri Yəhuda və Yerusəlimdə yaşayan hər kəsin başına gətirəcəyəm. Çünki onlara xəbərdarlıq etdim, qulaq asmadılar, onları çağırdım, cavab vermədilər”».
18 Yeremya Rekav nəslinə dedi: «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Siz atanız Yehonadavın əmrinə qulaq asdınız, onun bütün əmrlərinə əməl etdiniz, sizə əmr etdiyi hər şeyi yerinə yetirdiniz”. 19 Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Rekav oğlu Yehonadavın nəslindən Mənə xidmət edən bir adam heç vaxt əskik olmayacaq”».
İmanlılara yaraşan rəftar
1 İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. 2 Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. 3 Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik. 4 Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman 5 bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. 6 Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki, 7 Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq. 8 Bu söz etibarlıdır.
Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. 9 Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. 10 Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. 11 Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.
Xahişlər və xudahafizləşmə
12 *Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam. 13 *Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın. 14 Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar.
15 Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə.