1 O adam məni şimala gedən yoldan bayır həyətə çıxardı, məbədin açıq sahəsinə və bayır həyətin şimalındakı tikililərə baxan otaqlara apardı. 2 Qapısı şimala baxan bu tikilinin uzunluğu yüz, eni əlli qulac idi. 3 İçəri həyətin iyirmi qulaclıq hissəsi ilə bayır həyətin daş yoluna baxan üç mərtəbənin dəhlizləri qarşı-qarşıya idi. 4 Otaqların qabağında eni on qulac, uzunluğu isə yüz * qulac olan bir içəri dəhliz var idi. Qapıları şimala baxırdı. 5 Tikilinin üst mərtəbədəki otaqları alt və orta mərtəbədəki otaqlardan daha dar idi, çünki üst mərtəbədəki dəhlizlər daha çox yer tuturdu. 6 Həyətlərdə sütunlar olduğu halda üçmərtəbəli otaqların sütunları yox idi. Buna görə də üst mərtəbədəki otaqlar alt və orta mərtəbədəki otaqlardan daha dar idi. 7 Otaqların qabağında, otaqlarla və bayır həyətlə yanaşı bir bayır divar var idi: əlli qulac uzunluğunda idi. 8 Çünki bayır həyətin yanındakı yanbayan otaqların uzunluğu əlli qulac idi. Məbədin əsas hissəsinə daha yaxın yanbayan otaqların uzunluğu isə yüz qulac idi. 9 Bu otaqların aşağıda bayır həyətdən girmək üçün şərqə tərəf bir qapısı var idi.
10 İçəri həyətin cənubu † boyu açıq sahəyə və bayır həyətdəki tikililərə baxan başqa otaqlar var idi. 11 Şimal tərəfdəki otaqlarda olduğu kimi bu otaqların qabağında da bir keçid var idi. Otaqların uzunluğu və eni eyni idi, çıxışları və ölçüləri şimal tərəfdə olan otaqlarınkı kimi idi. Cənubdakı otaqların qapıları da şimaldakılar kimi idi. 12 Keçidin başlanğıcında bir qapı var idi. Arxa divarlar boyunca şərqə uzanan bu keçid otaqlara açılırdı.
13 Sonra o adam mənə dedi: «Məbədin açıq sahəsinə baxan şimaldakı və cənubdakı otaqlar müqəddəsdir. Rəbbin önündə xidmət edən kahinlər orada ən müqəddəs təqdimlərdən yeyəcək. Ən müqəddəs təqdimləri – taxıl təqdimlərini, günah qurbanlarını və təqsir qurbanlarını orada qoyacaqlar, çünki ora müqəddəsdir. 14 Kahinlər müqəddəs yerə girəndə xidmət edərkən əyinlərindəki geyimləri orada qoymadan bayır həyətə çıxmasın, çünki bu geyimlər müqəddəsdir. Onlar xalqın olduğu yerlərə getməzdən qabaq başqa paltarlar geyməlidir».
15 O adam məbədin sahəsini içəridən ölçüb qurtarandan sonra məni şərq qapısından bayıra apardı və hər tərəfdən bu sahənin bayırını ölçdü. 16 Şərq tərəfini qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 17 Şimal tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 18 Cənub tərəfini də qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 19 Qərb tərəfinə dönüb onu qamışla ölçdü: uzunluğu beş yüz qulac idi. 20 Beləcə sahənin dörd tərəfini ölçdü. Müqəddəs olanı müqəddəs olmayandan ayırmaq üçün sahənin ətrafında bir divar var idi: uzunluğu və eni hər biri beş yüz qulac idi.
1 O adam məni şərqə baxan darvazanın yanına gətirdi. 2 * Mən gördüm ki, şərq yolundan İsrail Allahının izzəti gəlir. Onun səsi gur axan suların səsi kimi idi, izzətindən yer parıldayırdı. 3 Gördüyüm görüntü Allah şəhəri məhv etməyə gəldiyi vaxt və Kevar çayı sahilində gördüyüm görüntülərə bənzəyirdi. Mən bu zaman üzüstə yerə yıxıldım. 4 Rəbbin izzəti şərqə baxan darvazanın yolundan məbədə girdi. 5 Ruh məni qaldırıb içəri həyətə gətirdi. Mən gördüm ki, Rəbbin izzəti məbədi doldurub.
6 Adam yanımda durarkən məbəddən mənimlə danışan bir nəfərin səsini eşitdim. 7 O mənə belə dedi: «Ey bəşər oğlu, taxtımın yeri, ayaqlarımın dabanları dəyən, İsrail övladları arasında əbədi yaşayacağım yer buradır. Bundan sonra İsrail xalqı ilə padşahları pozğunluqları və ölən padşahların cəsədləri ilə bir daha müqəddəs adımı murdarlamayacaq. 8 Onlar astanalarını astanama, qapılarının yan taxtalarını qapımın yan taxtalarına bitişdirdi. Mənimlə onların arasında yalnız bir divar var idi. Etdikləri murdar işləri ilə müqəddəs adımı murdarladılar. Mən də qəzəbimlə onları qırıb-çatdım. 9 İndi pozğunluqlarını və padşahlarının cəsədlərini Məndən uzaqlaşdırsınlar, Mən də əbədi olaraq onların arasında yaşayaram.
10 Sən ey bəşər oğlu, bu məbədi İsrail nəslinə təsvir et ki, üsyanlarından utansınlar və məbədin layihəsini ölçsünlər. 11 Əgər etdikləri bütün işlərdən utanırlarsa, məbədin şəklini, nizamını, giriş-çıxış yerlərini – bütün şəkillərini, bütün qaydalarını, quruluşlarını və qanunlarını onlara bildir. Onların gözü önündə bunları bir yerə yaz. Qoy bütün quruluş və qaydalarına əməl edib onları yerinə yetirsinlər. 12 Məbədlə bağlı qanun budur: dağın başında hər tərəfdən onun bütün ərazisi çox müqəddəs olacaq. Bəli, məbədin qanunu budur.
13 * Qurbangahın qulacla ölçüləri belədir. Hər qulaca bir ovuc əlavə edilmişdir: qurbangahı əhatəyə alan xəndəyin dərinliyi bir qulac, eni bir qulac, ətrafındakı çıxıntı bir qarış olacaq. Qurbangahın hündürlüyü isə belədir: 14 qurbangahın yerdəki xəndəkdən alt çıxıntıya qədərki hissəsinin hündürlüyü iki qulac, eni bir qulac, kiçik çıxıntıdan böyük çıxıntıya qədərki hissənin hündürlüyü dörd qulac, eni bir qulac, 15 qurbangahın qurban yandırılan üst hissəsinin hündürlüyü dörd qulac olacaq. Üst hissədən yuxarıya doğru dörd buynuz uzanacaq. 16 Qurbangahın üst hissəsi dördbucaqlı şəklində olacaq. Onun uzunluğu on iki, eni on iki qulac olacaq. 17 Üst çıxıntının dörd tərəfdən uzunluğu və eni hər biri on dörd qulac olacaq. Ətrafındakı kənar yarım qulac, xəndəyin dövrəsi bir qulac olacaq. Qurbangahın pillələri şərqə baxacaq».
18 * O adam yenə dedi: «Ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Qurbangah tikildiyi gün üstündə yandırma qurbanları gətirmək və qan tökmək barədə olan qaydalar belədir. 19 Mənə xidmət etmək üçün hüzuruma çıxan, Sadoq nəslindən Levili kahinlərə günah qurbanı olaraq bir buğa ver” Xudavənd Rəbb belə bəyan edir. 20 “Buğanın qanından götürüb qurbangahın dörd buynuzuna, çıxıntının dörd küncünə və ətrafındakı kənarın üstünə sürt. Beləcə qurbangahı pak edib onun üçün kəffarə ver. 21 Günah qurbanı olaraq buğanı götürüb Müqəddəs məkandan kənarda, məbədin təyin edilmiş yerində yandır.
22 İkinci gün günah qurbanı olaraq qüsursuz bir təkə təqdim et. Qurbangah buğanın qanı ilə pak edildiyi kimi təkənin qanı ilə də pak edilsin. 23 Pak etmək işini qurtarandan sonra qüsursuz bir buğa ilə sürüdən bir qoç qurban gətir. 24 Onları Rəbbin önünə gətir. Kahinlər onların üstünə duz səpib Rəbbə yandırma qurbanı olaraq təqdim etsin. 25 Yeddi günün günah qurbanı olaraq hər gün bir təkə hazırla. Qüsursuz bir buğa ilə sürüdən bir qoç da hazırlansın. 26 Qoy yeddi gün qurbangah üçün kəffarə versinlər, onu pak edib təqdis etsinlər. 27 Yeddi gün tamamlanandan sonra kahinlər səkkizinci gün və ondan sonra yandırma və ünsiyyət qurbanlarınızı qurbangahın üstündə təqdim etsin. O zaman sizdən razı olacağam” Xudavənd Rəbb belə bəyan edir».
Yanlış təlim yayanların aqibəti
1 Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək. 2 Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək. 3 Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.
4 Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə* qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.† 5 *O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı. 6 *O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara‡ nümunə göstərdi. 7 *Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı. 8 Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi. 9 Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə§ kimi cəza altında necə saxlamağı bilir.
10 O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar. 11 Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz. 12 Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər. 13 Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar. 14 Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır. 15 *Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. 16 Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.