May 10.mp3

2 Şamuel 23:8-23:39

8 Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in * başçısı idi. O, nizəsini qaldırıb  bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü.

9 Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə 10 Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar.

11 Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı. 12 Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi.

13 Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu. 14 Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. 15 Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» 16 Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü. 17 O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.

18 Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. 19 Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.

20 Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. 21 O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü. 22 Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi. 23 O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.

24 «Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, 25 Xarodlu Şamma və Eliqa, 26 Peletli Xeles, Teqoalı İqqeş oğlu İra, 27 Anatotlu Aviezer, Xuşalı Mevunnay, 28 Axoahlı Salmon, Netofalı Mahray, 29 Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay, 30 Piratonlu Benaya, Qaaş vadilərindən Hidday, 31 Aravalı Avi-Alvon, Barxumlu Azmavet, 32 Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan, 33 Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam, 34 Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam, 35 Karmelli Xesro, Aravalı Paaray, 36 Sovalı Natan oğlu İqal, Qadlı Bani, 37 Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, 38 Yeterli İra və Yeterli Qarev, 39 Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi.

2 Şamuel 24

1 İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi. 2 Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim». 3 Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?» 4 Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı. 5 İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular. 6 Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar. 7 Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər. 8 Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar. 9 Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.

10 Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 11 Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi: 12 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”». 13 Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?» 14 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».

15 Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü. 16 Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi. 17 Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».

18 O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt». 19 Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı. 20 Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi: 21 «Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın». 22 Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları. 23 Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun». 24 Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı. 25 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.



Yəhya 2:23-3:13

Yəhya 2:23-2:25

23 İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24 Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25 Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.

Yəhya 3:1-3:13