1 Xakalya oğlu Nehemyanın sözləri:
Mən iyirminci ildə * Kislev ayında Şuşan qalasında olarkən 2 qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum. 3 Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır». 4 Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:
5 «Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah! 6 Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. 7 Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik. 8 * Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm. 9 * Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla. 10 Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın. 11 Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın».
Mən o vaxt padşahın saqisi idim.
1 Padşah Artaxşastanın * hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim. 2 Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum. 3 * Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?» 4 Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim: 5 «Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim». 6 Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim. 7 Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər. 8 Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.
9 Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabitləri ilə atlıları da göndərmişdi. 10 Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsləndilər.
11 Mən Yerusəlimə gəlib orada üç gün qaldım. 12 Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim. 13 Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım. 14 Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi. 15 Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım. 16 Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəlilərə heç bir şey danışmamışdım.
17 Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq». 18 Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu.
19 Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?» 20 Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».
1 Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikdilər. Sonra onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar Yüz qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər. 2 Elyaşivin yanındakı hissədə Yerixo sakinləri tikdilər. Onların yanında İmri oğlu Zakkur tikdi.
3 Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar. 4 Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşezavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi. 5 Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər.
6 Köhnə darvazasını Paseah oğlu Yoyada və Besodya oğlu Meşullam bərpa etdi. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və cəftələri taxdılar. 7 Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü. 8 Onların yanında da zərgərlərdən Xarhaya oğlu Uzziel bərpa işləri gördü. Uzzielin yanında ətriyyatçılardan biri olan Xananya bərpa işləri gördü. Onlar Yerusəlimi Geniş divara qədər təzədən qurdular. 9 Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi. 10 Xarumaf oğlu Yedaya isə onun yanında öz evinin qarşısında bərpa işləri gördü. Onunla yanaşı Xaşavneya oğlu Xattuş bərpa işləri görürdü. 11 Xarim oğlu Malkiya və Paxat-Moav oğlu Xaşşuv başqa bir sahəni və Sobalar Qülləsini bərpa etdi. 12 Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxeş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü.
13 Vadi darvazasını Xanun və Zanoah sakinləri bərpa etdi. Onlar darvazanı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdular. Peyin darvazasına qədər min qulac məsafəyə divarı bərpa etdilər.
14 Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.
15 Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi. 16 Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuza və əsgər qışlasına qədər tikdi. 17 Ondan sonra isə Levililər Bani oğlu Rexumun rəhbərliyi altında bərpa işləri gördülər. Rexumun yanında Qeila əyalətinin yarı hissə rəisi Xaşavya öz əyaləti üçün bərpa işləri gördü. 18 Xaşavyadan sonra onların qardaşları, Qaila əyalətinin yarı hissə rəisi Xenadad oğlu Binnuy bərpa işləri gördülər. 19 Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi. 20 Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi. 21 Ondan sonra Haqqos oğlu Uriya oğlu Meremot, Elyaşivin evinin girişindən axırına qədər bərpa etdi. 22 Ondan sonra isə o düzənlikdə yaşayan kahinlər bərpa işləri gördülər. 23 Onlardan sonra Binyamin və Xaşşuv öz evlərinin yanındakı sahəni bərpa etdilər. Onlardan sonra Ananya oğlu Maaseya oğlu Azarya öz evinin yanındakı sahəni bərpa etdi. 24 Azaryadan sonra Xenadad oğlu Binnuy Azaryanın evindən divarın künc-bucaqlarına qədər olan sahəni bərpa etdi. 25 Uzay oğlu Palal divarın küncünün qarşısından və padşahın yuxarı sarayından irəli çıxan mühafizəçilər həyətinin yanında olan gözətçilik qülləsindən başlayaraq bərpa işləri gördü. Ondan sonra Paroş oğlu Pedaya ilə 26 Ofeldə yaşayan məbəd qulluqçuları şərqə doğru Su darvazasının qarşısını və gözətçi qülləsinə qədər sahəni bərpa etdilər.
27 Onların yanında Teqoa sakinləri böyük gözətçi qülləsindən Ofel divarınadək olan başqa bir sahəni bərpa etdilər.