8 Rəbb Musaya dedi: 9 «Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy sönmədən yansın. 10 Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun. 11 Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün. 12 Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın. 13 Qoy bu od qurbangahda daima yansın və sönməsin.
14 Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın qabağında təqdim etsinlər. 15 Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə təqdimidir. 16 Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində mayasız çörək kimi yesinlər. 17 Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir. 18 Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs sayılar”».
19 Rəbb Musaya dedi: 20 «Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam, 21 zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir. 22 Harun nəslindən yerinə keçən məsh edilmiş kahin onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın. 23 Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir».
24 Rəbb Musaya dedi: 25 «Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir. 26 Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin. 27 Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun. 28 Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın. 29 Kahin nəslindən hər kişi onu yesin; o ən müqəddəsdir. 30 Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın.
1 Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir. 2 Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin. 3 Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi, 4 belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. 5 Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır. 6 Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.
7 Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun. 8 Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun. 9 Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun. 10 Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.
11 Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur. 12 Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin. 13 Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin. 14 Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun. 15 Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.
16 Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər, 17 lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın. 18 Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.
19 Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər; 20 murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun. 21 Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».
22 Rəbb Musaya dedi: 23 «İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin. 24 Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz. 25 Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun. 26 * Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin; 27 qan yeyən hər kəs xalqı arasından qovulsun”».
28 Rəbb Musaya dedi: 29 «İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin. 30 Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin. 31 Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun. 32 Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin; 33 həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”. 34 Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm. 35 Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır; 36 Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər».
37 Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan 38 Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi.
Əsgərlər İsanı təhqir edir
27 Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 28 Onu soyundurub al rəngli xalat geyindirdilər. 29 Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. 30 Ona tüpürdülər, qamışı götürüb başına vurdular. 31 Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.