1 Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı. 2 O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?» 3 Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq»
4 Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar! 5 Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər.
6 Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı.
7 Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər. 8 Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu. 9 Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq. 10 O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik».
11 Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün». 12 Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək. 13 Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm. 14 Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».
15 Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq. 16 O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi. 17 Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu. 18 Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi. 19 Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq. 20 Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq».
21 Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu. 22 O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin». 23 Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi.
1 O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar. 2 Bəziləri belə deyirdi: «Bizim külfətimiz böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq». 3 Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq». 4 Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldıq. 5 İndi bizimlə soydaşlarımız eyni nəsildir, bizim uşaqlarımız da onlarınkından fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir».
6 Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim. 7 * Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım. 8 Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular. 9 Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi? 10 Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq. 11 İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın». 12 Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim. 13 Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi.
14 Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik. 15 Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmirdim. 16 Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nökərlərim oraya – iş başına toplaşmışdı. 17 Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı. 18 Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim, onsuz da xalqın yükü ağır idi.
19 Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!
1 Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. 2 Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi. 3 Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» 4 Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim. 5 Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi. 6 Məktubda belə yazılmışdı:
«Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən. 7 “Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».
8 O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan». 9 Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!
10 Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər». 11 Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!» 12 Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu. 13 O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.
14 Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!