Yanvar-11.mp3

Yaradılış 25:19-34

19 İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. 20 İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. 21 İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. 22 Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. 23 * Rəbb ona dedi:

«Sənin bətnində iki millət var,

Sənin qarnından iki xalq çıxacaq.

Bir xalq o biri xalqdan güclü olacaq,

Böyüyü kiçiyinə qulluq edəcək».

24 Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. 25 İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav * qoydular. 26 Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub  qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi.

27 Uşaqlar böyüdü. Esav mahir ovçu və çöl adamı oldu. Yaqub isə çadırlarda yaşayan mülayim bir adam oldu. 28 İshaq Esavı sevirdi, çünki onun ovladığı heyvanlar İshaqın xoşuna gəlirdi. Rivqa isə Yaqubu sevirdi.

29 Bir gün Yaqub şorba bişirirdi. Esav isə çöldən yorğun gəldi. 30 Esav Yaquba dedi: «Bu qırmızı şorbadan bir az ver, yeyim, çünki acmışam». Buna görə də ona Edom  adı verildi. 31 Yaqub dedi: «Əvvəlcə ilk oğulluq haqqını mənə sat». 32 Esav dedi: «Bir halda ki mən acından ölürəm, ilk oğulluq haqqı nəyimə lazımdır?» 33 * Yaqub dedi: «Əvvəlcə mənə and iç». Esav ona and içdi və ilk oğulluq haqqını Yaquba satdı. 34 Yaqub Esava çörək və mərci şorbası verdi. Esav yeyib-içdi, sonra qalxıb getdi. Beləcə Esav ilk oğulluq haqqına etinasızlıq etdi.

Yaradılış 26

1 İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi. 2 Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, 3 * bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm. 4 Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq. 5 Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».

6 İshaq da Gerarda yaşadı. 7 * O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi. 8 İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir. 9 Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm». 10 Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın». 11 Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə bütün xalqa elan etdi.

12 İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. 13 Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. 14 Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı. 15 Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular. 16 Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun». 17 İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı.

18 İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi. 19 İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar. 20 Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq * qoydu, çünki onun üstündə mübahisə etmişdilər. 21 Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna  qoydu. 22 İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda çoxalacağıq».

23 İshaq oradan Beer-Şevaya getdi. 24 O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam». 25 İshaq orada bir qurbangah düzəltdi və Rəbbin adını çağırdı. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar.

26 * O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi. 27 İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz». 28 Onlar dedilər: «Biz aydın gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki, 29 biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan». 30 İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər. 31 Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər. 32 O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona bildirərək «su tapdıq» dedilər. 33 İshaq bu quyunun adını Şiva § qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.

34 Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı. 35 Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu.

Yaradılış 27:1-26

1 İshaq qocalıb gözləri görməyəndə böyük oğlu Esavı yanına çağırıb dedi: «Ay oğlum». Esav ona «mən buradayam» dedi. 2 İshaq dedi: «Mən artıq qocalmışam, bu gün-sabah öləcəyəm. 3 İndi silahını, yayını və oxdanını götür, çöllüyə get və mənim üçün heyvan ovla. 4 Sonra da mənə xoşladığım ləzzətli yeməyi hazırla və gətir ki, yeyim. Onda ölməmişdən qabaq mən sənə xeyir-dua verərəm».