İyun 12.mp3

1 Salnamələr 9

1 Beləcə bütün İsraillilər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır.

Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu. 2 * İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraillilərdən bəzi adamlar, kahinlər, Levililər və məbəd qulluqçuları idi. 3 Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı. 4 Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay. 5 Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları. 6 Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi. 7 Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu, 8 Yeroxam oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam. 9 Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi.

10 Kahinlərdən: Yedaya, Yehoyariv, Yakin, 11 Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya, 12 Malkiya oğlu Paşxur oğlu Yeroxam oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay. 13 Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi.

14 Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya, 15 Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya, 16 Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.

17 Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi. 18 Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır. 19 Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astana keşikçilərinin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcək yerinin keşiyini çəkirdi. 20 Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi. 21 Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi. 22 Astana keşikçisi olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi. 23 Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi. 24 Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu. 25 Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi. 26 Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi. 27 Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi.

28 Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar. 29 Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu. 30 Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı. 31 Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi. 32 Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı.

33 Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi. 34 Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.

35 Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. 36 İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav, 37 Qedor, Axyo, Zəkəriyyə və Miqlot. 38 Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar. 39 Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. 40 Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. 41 Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz. 42 Axazdan Yehoadda * törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. 43 Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. 44 Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.

1 Salnamələr 10

1 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı. 2 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. 3 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və yaraladılar. 4 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. 5 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. 6 Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü. 7 Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı.

8 Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar. 9 Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. 10 Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar. 11 Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə 12 onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.

13 * * Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, 14 amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi.



Həvarilərin işləri 1:1-1:14

İsanın göyə qaldırılması

1 *Ey Teofil, birinci yazılarım İsanın göyə qaldırıldığı günədək başladığı işlər və öyrətməyə başladığı tam təlim barəsindədir. 2 Göyə qaldırılmazdan əvvəl İsa seçdiyi həvarilərə Müqəddəs Ruh vasitəsilə əmrlər verdi. 3 Ölüm əzabını çəkəndən sonra həvarilərə çoxlu inandırıcı dəlillərlə Özünü diri olaraq göstərdi. O, qırx gün ərzində onlara görünərək Allahın Padşahlığı barədə danışırdı. 4 *İsa onlarla duz-çörək kəsəndə bu əmri verdi: «Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin. 5 *Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız».

6 Həvarilər bir yerə toplaşanda İsadan soruşdular: «Ya Rəbb, İsraildə Padşahlığı indimi bərpa edəcəksən?» 7 İsa cavab verdi: «Atanın hökmü ilə təyin olunan vaxtları və tarixləri bilmək sizin işiniz deyil. 8 *Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız». 9 *İsa bunları deyəndən sonra həvarilərin gözləri qarşısında yuxarı qaldırıldı. Bir bulud İsanı götürüb onlardan gizlədi. 10 İsa göyə qalxanda onlar səmaya baxırdılar. Elə həmin an ağ libaslı iki kişi onların yanında peyda olub 11 soruşdu: «Ey Qalileyalılar, niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə də qayıdacaq».