Dekabr 12.mp3

Huşə 1

1 Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.

2 Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». 3 Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. 4 * Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. 5 Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».

6 Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama* qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. 7 Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».

8 Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. 9 Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.

10 * Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. 11 Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq.

Huşə 2

1 Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.

2 Qınayın siz ananızı, qınayın,

Çünki o Mənim arvadım deyil,

Mən də onun əri deyiləm.

Qoy üzündə görünən fahişəliyi,

Qoynunda olan xəyanəti atsın.

3 Yoxsa onu çıl-çılpaq soyundurub

Lüt, anadangəlmə edəcəyəm.

Mən onu səhra, quru torpaq kimi edəcəyəm,

Susuzluqdan öldürəcəyəm.

4 Onun balalarına da rəhm etməyəcəyəm,

Çünki onlar da xəyanət övladıdır.