Mart 12.mp3

Saylar 35

1 * İordan çayının yanında, Yerixo qarşısında olan Moav düzənliyində Rəbb Musaya dedi: 2 «İsrail övladlarına əmr et ki, mülk etdikləri torpaqda yaşamaq üçün Levililərə şəhərlər versinlər. Sən şəhərlərin ətrafında Levililərə otlaqlar da ver. 3 Beləliklə, Levililərin yaşamaq üçün şəhərləri və onların mal-qaraları, sürüləri və digər heyvanları üçün otlaqları olsun. 4 Levililərə verəcəyiniz şəhərlərin ətrafındakı otlaqlar şəhər divarından min qulac uzanacaq. 5 Şəhər ortada olaraq şəhərin bayırından şərq tərəfini iki min qulac, cənub tərəfini iki min qulac, qərb tərəfini iki min qulac və şimal tərəfini iki min qulac ölçün. Bu onlar üçün şəhər otlaqları olsun.

6 Levililərə verəcəyiniz şəhərlərdən altı sığınacaq şəhər olsun ki, kimisə öldürən oraya qaça bilsin. Bunlardan başqa qırx iki şəhər də verin. 7 Levililərə verəcəyiniz şəhərlərin cəmi qırx səkkiz şəhər olsun. Onları otlaqları ilə birgə verin. 8 Levililərə verəcəyiniz şəhərlər hər qəbiləyə düşən payın nisbətində alınsın, çox şəhəri olan qəbilədən çox şəhər, az şəhəri olan qəbilədən az şəhər alın».

9 Sonra Rəbb Musaya dedi: 10 «İsrail övladlarına de: “Siz İordan çayını keçib Kənan torpağına girəndə 11 sığınacaq şəhərlər olaraq bəzi şəhərlər seçin ki, bilmədən adam öldürən oraya qaçsın. 12 Qisas alandan sığınacaq şəhərləriniz bunlar olsun ki, adam öldürən şəxs icmanın önündə hökm alana qədər öldürülməsin. 13 Verəcəyiniz bu altı şəhər sizin üçün sığınacaq şəhərlər olsun. 14 İordan çayının o biri tayında üç şəhər və Kənan torpağında üç şəhər verin. Bunlar sığınacaq şəhərlər olsun. 15 Bu altı şəhər İsrail övladlarına, aralarında yaşayan yadellilərə və qəriblərə sığınacaq şəhərləri olacaq. Belə ki bilmədən birini öldürən hər kəs oraya qaça bilsin.

16 Əgər biri dəmir bir alətlə başqa birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 17 Əgər kimsə əlində insanın ölə biləcəyi bir daşla kimisə vurmuşsa və o adam ölmüşsə, onda o adam qatildir. Qatil öldürülməlidir. 18 Yaxud əlində adam öldürə bilən ağac bir alətlə birini vurub öldürmüşsə, o adam qatildir. Qatil öldürülməlidir. 19 Tökülən qanın qisasını alan özü qatili öldürsün, onunla rastlaşdığı zaman öldürsün. 20 Əgər onu kinlə itələyib yaxud pusquda duraraq ona tərəf bir şey atıb öldürmüşsə 21 ya da ədavətə görə onu əli ilə vurub öldürmüşsə, vuran mütləq öldürülməlidir. O qatildir, tökülən qanın qisasını alan adam qatilə rast gəldiyi zaman onu öldürsün.

22 Ancaq ədavəti olmayaraq birini qəflətən itələmişsə yaxud pusquda durmadan ona bir şey atmışsa 23 və yaxud da onu görmədən üstünə adam öldürə bilən bir daş düşürüb öldürmüşsə, onda ölən şəxsi-qərəzlik olmadığından və ona ziyan vurmaq istəmədiyindən 24 adam öldürənlə tökülən qanın qisasını alan arasında bu hökmlərə görə icma hökm çıxaracaq. 25 İcma tökülən qanın qisasını alanın əlindən adam öldürəni qurtaracaq, qaçdığı sığınacaq şəhərə geri göndərəcək və o, müqəddəs yağla məsh olunmuş baş kahinin ölümünə qədər orada qalacaq. 26 Əgər adam öldürən qaçdığı sığınacaq şəhərin sərhədini keçərsə, 27 tökülən qanın qisasını alan adam öldürəni sığınacaq şəhərin sərhəd kənarında taparsa və onu öldürərsə, o qatil sayılmayacaq. 28 Çünki adam öldürən baş kahinin ölümünə qədər sığındığı şəhərdə qalmalı idi. Ancaq baş kahinin ölümündən sonra öz mülkü olan torpağına qayıda bilər.

29 Bunlar nəsildən-nəslə bütün yaşadığınız yerlərdə qanun və hökm olacaq.

30 * Bir adam bir adamı öldürsə, şahidlərin ifadəsi ilə öldürülsün. Lakin heç bir qatil tək şahidin ifadəsi ilə öldürülməsin. 31 Ölüm cəzasına layiq qatilin canı üçün fidyə almayın, çünki o öldürülməlidir. 32 Sığınacaq şəhərinə qaçan üçün fidyə almayın ki, kahinin ölümündən əvvəl torpağında yaşamağa qayıtsın. 33 Beləcə olduğunuz ölkəni murdarlamayın. Çünki qan tökmək ölkəni murdar edər və ölkədə tökülən qanın əvəzi ancaq onu tökənin qanı ilə kəffarə oluna bilər. 34 Yaşadığınız, Mənim də olduğum ölkəni ləkələməyin. Çünki İsrail övladları arasında yaşayan Rəbb Mənəm”».

Saylar 36

1 Yusif övladlarının nəsillərindən Menaşşe oğlu Makir oğlu Gilead nəslinin ailə başçıları yaxınlaşıb Musanın önündə və İsrail nəsil başçıları olan rəhbərlərin önündə belə danışdılar: 2 * «Rəbb ölkəni irs olaraq püşk ilə İsrail övladları arasında bölüşdürməyi ağamıza əmr etdi. Soydaşımız Selofxadın irsini onun qızlarına vermək ağamıza Rəbb tərəfindən əmr olundu. 3 Əgər Selofxadın qızları başqa bir İsrail qəbiləsinə mənsub kişilərə ərə getsələr, onların irsi bizim irsimizdən götürülüb mənsub olacaqları qəbilənin irsinə qatılar. Beləliklə, püşklə bizə düşən pay azalar. 4 İsrail övladlarının Azadlıq ili gələndə qızların irsi ərlərinin mənsub olduqları qəbilənin irsinə əlavə olunar. Beləliklə, qızların irsi atalarımızın qəbiləsinə düşən irsdən alınar».

5 Musa Rəbbin əmrinə görə İsrail övladlarına əmr edib dedi: «Yusif nəslinin qəbiləsi doğru söyləyir. 6 Selofxadın qızları haqqında Rəbbin əmr edib dediyi söz budur: onlar öz istədikləri kişiyə ərə gedə bilər, ancaq atalarının mənsub olduğu qəbilədən olan nəsil içində ərə getməlidirlər ki, 7 İsrail övladlarının irsi qəbilədən qəbiləyə keçməsin. İsrail övladlarının hər biri atalarının qəbiləsinin irsinə bağlı qalsın. 8 İsrail qəbilələrindən hər hansı birində irsə malik olan hər qız atasının mənsub olduğu qəbilədən və nəsildən bir nəfərə ərə getməlidir ki, hər bir İsrail övladı atalarının irsinə malik olsun. 9 İrs bir qəbilədən başqa qəbiləyə keçməsin. Hər bir İsrail qəbiləsi öz irsinə bağlı qalsın».

10 Rəbbin Musaya əmr etdiyinə əməl edərək Selofxadın qızları 11 Maxla, Tirsa, Xoqla, Milka və Noa əmisi oğlanlarına ərə getdilər. 12 Onlar Yusif oğlu Menaşşe nəsillərinə mənsub kişilərə ərə getdilər. Ona görə də irsi atalarının mənsub olduğu qəbilə və nəsil içində qaldı.

13 Rəbbin Musa vasitəsilə İordan çayının yanında Yerixo qarşısındakı Moav düzənliyində İsrail övladlarına verdiyi əmr və hökmlər bunlardır.



Mark 15:1-15:15

İsa Romalı vali Pilatın önündə

1 Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər. 2 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 3 Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər. 4 Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!» 5 Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.

6 Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi. 7 Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu. 8 Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin. 9 Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 10 Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi. 11 Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.