Yanvar-12.mp3

Yaradılış 27:27-46

27 * O yaxınlaşıb atasını öpdü. İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi:

«Bax oğlumun qoxusu

Rəbbin xeyir-dua verdiyi

Çölün qoxusu kimidir.

28 Allah sənə göylərin şehini,

Torpağın şirəsini,

Bol buğda və çoxlu təzə şərab versin.

29 * Xalqlar sənə qulluq etsin,

Ümmətlər sənə baş əysin.

Öz qardaşlarına ağa ol,

Ananın oğulları sənə baş əysin.

Sənə lənət edənlərə lənət gəlsin,

Sənə xeyir-dua verənlər xeyir-dua alsın».

30 İshaq Yaquba xeyir-dua verib qurtarandan sonra Yaqub atası İshaqın yanından çıxar-çıxmaz qardaşı Esav ovdan qayıtdı. 31 Esav da ləzzətli yemək hazırlayıb atasına gətirdi və ona dedi: «Atam qalxıb oğlunun gətirdiyi ov ətindən yesin və mənə xeyir-dua versin». 32 Atası İshaq ondan soruşdu: «Sən kimsən?» O cavab verdi: «Mən ilk oğlun Esavam». 33 İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu». 34 Esav atasının sözlərini eşidəndə ucadan və acı səslə fəryad edib dedi: «Ay ata, mənə də xeyir-dua ver». 35 İshaq dedi: «Qardaşın hiylə ilə gəlib sənin xeyir-duanı aldı». 36 * Esav dedi: «Onu nahaq yerə Yaqub çağırmırlar ki? Bununla ikinci dəfədir ki, məni aldadır: əvvəl ilk oğulluq haqqımı, indi də xeyir-duamı aldı». Sonra soruşdu: «Bəs mənə xeyir-dua saxlamamısan?» 37 İshaq Esava cavab verdi: «Onu sənə ağa etdim, bütün qardaşlarını ona qul olaraq verdim, buğda və təzə şərabla onu təmin etdim. Bəs sənə nə edim, oğlum?» 38 * Esav atasına dedi: «Səndə yalnız bir xeyir-dua varmı, ata? Mənə də xeyir-dua ver, ata». Esav hönkürüb ağladı. 39 * Atası İshaq ona belə cavab verdi:

«Yaşadığın yer torpağın şirəsindən,

Yuxarıda göylərin şehindən uzaq olacaq.

40 * Qılıncınla yaşayıb

Qardaşına qulluq edəcəksən.