Mart 13.mp3

Qanunun Təkrarı 1

1 İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: 2 Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. 3 Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. 4 * Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. 5 İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.

6 «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! 7 Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. 8 Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.

9 O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. 10 Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. 11 Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. 12 Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? 13 Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. 14 Siz də “sən deyən yaxşıdır” dediniz. 15 Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. 16 O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. 17 Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. 18 O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.

19 Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq. 20 Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız. 21 Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”. 22 O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”. 23 Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm. 24 Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər. 25 Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.

26 * Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz. 27 Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin. 28 Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.

29 Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin. 30 * Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir. 31 İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. 32 * Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla 33 qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.

34 * Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi: 35 “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək. 36 Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”. 37 Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən. 38 Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək. 39 ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar. 40 Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.

41 Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız. 42 * Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”. 43 Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz. 44 Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar. 45 Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı. 46 Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.

Qanunun Təkrarı 2:1-2:23

1 * Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra 2 Rəbb mənə belə dedi: 3 “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. 4 * Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. 5 Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. 6 Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”. 7 Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.

8 Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik. 9 * Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”. 10 Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı. 11 Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar. 12 Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.

13 Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik. 14 * Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı. 15 Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.

16 Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra 17 Rəbb mənə belə dedi: 18 “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz. 19 * Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”. 20 Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar. 21 Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar. 22 Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar. 23 Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.



Mark 15:16-15:47

Əsgərlər İsanı təhqir edir

16 Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar. 17 Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18 «Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19 Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20 Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.