31 Rəbb Leanın sevilmədiyini görüb onun bətnini açdı. Rəhilə isə sonsuz idi. 32 Lea hamilə olub bir oğul doğdu və onun adını Ruven * qoyaraq dedi: «Yəqin Rəbb mənim fağırlığımı gördü. İndi ərim məni sevəcək». 33 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Rəbb sevilmədiyimi eşidib mənə bunu da verdi». Onun da adını Şimeon† qoydu. 34 Lea yenə hamilə olub bir oğul doğdu və dedi: «İndi bu dəfə ərim mənə bağlanacaq, çünki ona üç oğul doğdum». Buna görə də adını Levi ‡ qoydu. 35 O yenə hamilə olub bir oğul doğdu və dedi: «Bu dəfə Rəbbi mədh edəcəyəm». Buna görə də onun adını Yəhuda § qoydu. Sonra o, bir müddət doğmadı.
1 Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm». 2 Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?» 3 Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun». 4 Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi. 5 Bilha hamilə olub Yaquba bir oğul doğdu. 6 Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan * qoydu. 7 Rəhilənin qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu. 8 Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali † qoydu.
9 Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi. 10 Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu. 11 Lea «uğur qazandım» deyib onun adını Qad‡ qoydu. 12 Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu. 13 Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer § qoydu.
14 Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver». 15 Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın». 16 Yaqub axşam çöldən gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı. 17 Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu. 18 Lea dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar ** qoydu. 19 Lea yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu. 20 O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun †† qoydu. 21 Sonra bir qız doğub, adını Dina qoydu.
22 Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı. 23 O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü». 24 O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif‡‡ qoydu.
25 Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim. 26 Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən». 27 Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm». 28 Sonra dedi: «Haqqını mənə təyin et, verim». 29 Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən. 30 Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?» 31 Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram: 32 qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da bu olsun. 33 Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın». 34 Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun». 35 Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi. 36 Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı.
37 Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı. 38 Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi. 39 Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu. 40 Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı. 41 Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər. 42 Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu. 43 Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.
1 Yaqub Lavanın oğullarının bu sözləri dediklərini eşitdi: «Yaqub atamıza məxsus olan hər şeyə sahib oldu, bütün bu var-dövləti atamıza məxsus olan əmlakdan əldə etdi». 2 Yaqub Lavanın ona münasibətini gördü, o da Yaqubla əvvəlki kimi rəftar etmirdi. 3 Rəbb Yaquba dedi: «Atalarının ölkəsinə, öz qohumlarının yanına qayıt. Mən səninlə olacağam». 4 Yaqub xəbər göndərib Rəhiləni və Leanı çöllərə – sürüsünü otardığı yerə çağırdı. 5 Yaqub onlara dedi: «Mən atanızın münasibətini görürəm ki, mənimlə əvvəlki kimi rəftar etmir. Ancaq atamın Allahı mənimlədir. 6 Siz bilirsiniz ki, var gücümlə atanıza xidmət etmişəm. 7 Atanız məni aldatdı və haqqımı on dəfə dəyişdirdi, amma Allah onu mənə pislik etməyə qoymadı. 8 O, “xallı heyvanlar sənin haqqın olacaq” deyəndə bütün sürüdə xallı heyvanlar doğuldu. “Sənin haqqın alabəzək heyvanlar olacaq” deyəndə isə bütün sürüdə alabəzək heyvanlar doğuldu. 9 Beləcə Allah atanızın sürüsünü alıb mənə verdi. 10 Sürünün dölləndiyi vaxt yuxuda başımı qaldırıb gördüm ki, sürüdəki heyvanlarla cütləşən təkələr alabəzək, xallı və ləkəlidir. 11 Yuxuda Allahın mələyi mənə dedi: “Yaqub!” “Mən buradayam!” deyə cavab verdim. 12 O dedi: “İndi başını qaldır, gör ki, sürüdəki heyvanlarla cütləşən bütün təkələr alabəzək, xallı və ləkəlidir, çünki Lavanın sənə etdiyi hər şeyi gördüm. 13 * Mən Bet-Eldə sənə görünən Allaham. Orada bir sütun qoyub məsh etdin və Mənim önümdə əhd etdin. İndi qalxıb bu torpaqdan get və doğulduğun torpağa qayıt”».
14 Rəhilə və Lea ona cavab verdilər: «Məgər atamızın mülkündə bir payımız ya mirasımız var? 15 Məgər o bizi özgə hesab etmir? Axı o bizi satıb bizim üçün ödənmiş pulu da xərclədi. 16 Buna görə də Allahın atamızdan aldığı bütün o var-dövlət bizim və uşaqlarımızındır. İndi sən də Allahın söylədiyi şeylərin hamısına əməl et».
17 Onda Yaqub qalxıb uşaqlarını və arvadlarını dəvələrə mindirdi. 18 Bütün sürüsünü, qazandığı bütün var-dövlətini, Paddan-Aramda əldə etdiyi öz sürüsünü sürdü ki, Kənan torpağına, atası İshaqın yanına getsin. 19 Lavan qoyunlarını qırxmağa gedəndə Rəhilə atasına məxsus olan ev bütlərini oğurladı. 20 Yaqub qaçdığını bildirməməklə Aramlı Lavanı aldatdı. 21 Beləcə özünə məxsus olan hər şeyi götürüb qaçdı. O, Fərat çayını keçib Gilead dağlıq bölgəsinə yönəldi.
22 Yaqubun qaçdığı Lavana üçüncü gün bildirildi. 23 O, qohumlarını özü ilə götürüb yeddi gün onu təqib etdi və Gilead dağlıq bölgəsində Yaquba çatdı. 24 Allah gecə yuxusunda Aramlı Lavana görünüb dedi: «Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de».
25 Lavan Yaquba çatdı. Yaqub dağda çadır qurmuşdu. Lavan qohumları ilə birgə Gilead dağında çadır qurdu. 26 Lavan Yaquba dedi: «Niyə belə etdin? Məndən gizlicə qaçdın və qızlarımı müharibə əsirləri kimi apardın. 27 Nə üçün gizlicə qaçıb məni aldatdın? Mənə bunu bildirmədin ki, səni sevinclə, mahnı oxumaqla, dəf və lira çalmaqla yola salım. 28 Məni nəvələrimlə qızlarımı öpməyə qoymadın; ağılsızcasına rəftar etmisən. 29 Sizə pislik edə bilərdim, ancaq atanızın Allahı dünən gecə mənə belə söylədi: “Özünü gözlə, Yaquba nə yaxşı, nə də pis söz de”. 30 İndi atanın evi üçün bərk darıxdığına görə çıxıb gedirsən. Bəs büt allahlarımı niyə oğurlayıb aparırsan?» 31 Yaqub Lavana cavab verdi: «Qorxub düşündüm ki, qızlarını zorla məndən alarsan. 32 Büt allahlarını isə kimin yanında tapsan, o sağ qalmayacaq. Qohumlarımızın önündə yoxlayıb məndə nəyini tapsan, özünə götür». Ancaq Yaqub Rəhilənin onları oğurladığını bilmirdi.
33 Lavan Yaqubun, Leanın və iki qarabaşın çadırına girdi, ancaq büt allahları tapmadı. O, Leanın çadırından çıxıb Rəhilənin çadırına girdi. 34 Rəhilə ev bütlərini götürərək dəvənin yəhərinə qoyub onların üstündə oturmuşdu. Lavan bütün çadırı yoxladı, ancaq onları tapmadı. 35 Rəhilə atasına dedi: «Hüzurunda qalxa bilmədiyim üçün ağam qəzəblənməsin, çünki qadın adətinə mübtəlayam». Lavan axtardı, ancaq ev bütlərini tapmadı.
36 Yaqub qəzəblənib Lavanla mübahisə etdi. O, Lavana söylədi: «Günahım və təqsirim nədir ki, məni belə təqib edirsən? 37 Bütün şeylərimi yoxladın, bütün ev şeylərindən nə tapdın? Tapdığın şeyi mənim qohumlarımın və öz qohumlarının qabağına qoy ki, ikimizin arasında şəhadət olsun. 38 Ötən iyirmi il sənin yanında işlədim, qoyunların və keçilərin balalarını salmadı, sürülərindəki qoçlarını yemədim. 39 Vəhşi heyvanların parçaladığı heyvanı sənin yanına gətirməzdim, zərərini özüm çəkərdim. İstər gündüz, istərsə də gecə oğurlanan hər heyvanı məndən tələb edərdin. 40 Gündüzün istisi, gecənin soyuğu məni əldən salardı, yuxum gözümdən tökülərdi. 41 İyirmi il sənin evində qaldım: iki qızın üçün on dörd il və sürün üçün altı il sənə xidmət etdim. Sən isə on dəfə haqqımı dəyişdirdin. 42 Atamın və İbrahimin Allahı, İshaqın sitayiş etdiyi Allah mənimlə olmasaydı, indi yəqin məni əliboş yola salardın. Allah əzabımı və əlimin zəhmətini gördü, dünən gecə sənə xəbərdarlıq etdi».
43 Lavan Yaquba belə cavab verdi: «Qızlar mənim qızlarım, uşaqlar mənim uşaqlarım, sürülər mənim sürülərim və sənin gördüyün hər şey mənimdir. Bu gün qızlarıma yaxud onların doğduqları uşaqlara nə edə bilərəm? 44 İndi gəl bir-birimizə əhd edək ki, səninlə mənim aramda şahid olsun». 45 Yaqub bir daş götürüb sütun kimi qoydu. 46 O öz qohumlarına dedi: «Daş yığın». Onlar daşları götürüb bir qalaq düzəltdilər və o qalağın yanında yeyib-içdilər. 47 Lavan onun adını Yeqar-Sahaduta* qoydu, Yaqub isə onun adını Qaled † qoydu. 48 Lavan dedi: «Bu qalaq bu gün mənimlə sənin aranda şahiddir». Buna görə də onun adı Qaleddir. 49 Ona həm də Mispa‡ deyildi, çünki Lavan demişdi: «Bir-birimizdən ayrılan zaman qoy Rəbb səninlə mənim aramda gözətçi olsun. 50 Söz ver ki, qızlarımı incitməyəcəksən və onların üstünə arvad almayacaqsan. Bil ki, bizim aramızda bir nəfər şahid olmasa da, Allah aramızda şahiddir».
51 Lavan yenə Yaquba dedi: «Bax bu da öz aramızda düzəltdiyim qalaq və sütun! 52 Bu qalaq və sütun şahid olsunlar ki, nə mən sənin tərəfinə – qalağın o tayına gedəcəyəm, nə də sən pislik etmək üçün mənim tərəfimə – qalağın və sütunun bu tayına gələcəksən. 53 Qoy İbrahimin, Naxorun və onların atalarının Allahı aramızda hökm etsin!» Yaqub atası İshaqın sitayiş etdiyi Allaha and içdi. 54 Sonra Yaqub o dağda qurban kəsdi və qohumlarını çörək yeməyə çağırdı. Onlar çörək yedilər və dağda gecələdilər. 55 Lavan səhər tezdən qalxıb nəvələrini və qızlarını öpdü, onlara xeyir-dua verdi. Sonra öz yerinə qayıtdı.