20 Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar. 21 * Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
22 Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un, 23 on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları. 24 Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı. 25 Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26 * Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi. 27 Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı. 28 Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi. 30 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi. 31 * O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı. 32 * O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi. 33 Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı. 34 Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.
1 Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu. 2 Süleyman Xirama xəbər göndərib dedi: 3 «Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi. 4 Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl. 5 * Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”. 6 İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur».
7 Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!» 8 O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm: 9 mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et». 10 Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi. 11 Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi. 12 Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.
13 Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi. 14 Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi. 15 Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi. 16 Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər. 17 Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər. 18 Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar.
1 İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı. 2 Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi. 3 Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi. 4 O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi. 5 Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi. 6 Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi.
7 Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi. 8 Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar. 9 Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü. 10 Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi.
11 Süleymana Rəbbin bu sözü nazil oldu: 12 «Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm: 13 İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm».
14 Süleyman məbədi tikib qurtardı. 15 Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü. 16 * Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı. 17 İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi. 18 Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü. 19 Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı. 20 İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü. 21 Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü. 22 * O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü.
23 * İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi. 24 Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi. 25 O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi. 26 Hər ikisinin hündürlüyü on qulac idi. 27 O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu. 28 O, keruvları qızılla örtdü.
29 Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi. 30 Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü.
31 İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi. 32 O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi. 33 Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə, 34 həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı. 35 Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü. 36 O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi.
37 Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu, 38 on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi.