İyun 14.mp3

1 Salnamələr 13

1 Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi. 2 O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar. 3 Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq». 4 Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.

5 * Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı. 6 * Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi. 7 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü. 8 Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar.

9 Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu. 10 Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü. 11 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza * deyilir. 12 Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?» 13 Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. 14 * Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.

1 Salnamələr 14

1 Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi. 2 Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.

3 Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. 4 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 5 İvxar, Elişua, Elpelet, 6 Noqah, Nefeq, Yafia, 7 Elişama, Beelyada və Elifelet.

8 Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı. 9 Filiştlilər gəlib Refaim vadisini talayırdılar. 10 Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».

11 Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim* qoydular. 12 Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı.

13 Filiştlilər yenə o vadini taladılar. 14 Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. 15 Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». 16 Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar. 17 Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.

1 Salnamələr 15

1 Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu. 2 * Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi». 3 Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı. 4 Davud Harunun nəslindən olan adamları və Levililəri topladı: 5 Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu; 6 Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu; 7 Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu; 8 Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu; 9 Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu; 10 Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu. 11 Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb 12 onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın. 13 Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».

14 İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər. 15 * Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar.

16 Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər. 17 Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, 18 onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. 19 İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər, 20 Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, 21 Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. 22 Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; 23 Berekya və Elqana sandığın yanında qapıçı idi; 24 kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.

25 Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər. 26 Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi. 27 Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi. 28 Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.

29 Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi.

1 Salnamələr 16

1 Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. 2 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. 3 O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.

4 Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. 5 Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, 6 Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. 7 O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.