1 Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. 2 Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim * qoydu.
3 Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. 4 Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”. 5 Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».
6 Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». 7 Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi: 8 «Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin».
9 Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. 10 Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. 11 Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. 12 * Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”».
13 Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq 14 iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç, 15 balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü. 16 Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». 17 Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda 18 ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». 19 Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: 20 «Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər». 21 Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı.
22 Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. 23 Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. 24 Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. 25 Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. 26 O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». 27 O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». 28 * * O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail † deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». 29 Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. 30 Yaqub o yerin adını Peniel ‡ qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». 31 Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. 32 Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.
1 Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı: 2 cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. 3 Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi.
4 Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. 5 Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır». 6 Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər, 7 sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər. 8 Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün». 9 Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun». 10 Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun. 11 Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü.
12 Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm». 13 Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar. 14 Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm». 15 Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». 16 Esav o gün yola düşüb Seirə qayıtdı. 17 Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot* qoydular.
18 Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. 19 * O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. 20 Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail† qoydu.
1 Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. 2 O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. 3 Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. 4 Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al».
5 Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu. 6 Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. 7 Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.
8 Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. 9 Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın. 10 Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun». 11 Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. 12 Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin».
13 Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. 14 Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. 15 Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, 16 öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. 17 Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik».
18 Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. 19 Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. 20 Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: 21 «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik. 22 Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. 23 Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». 24 Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu.
25 Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. 26 Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. 27 Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. 28 Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. 29 Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər. 30 Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». 31 Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»