Noyabr 14.mp3

Yezekel 1

1 * Otuzuncu ildə,* dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm. 2 * Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü 3 Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi.

4 Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi. 5 * Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. 6 Hər birinin dörd üzü və dörd qanadı var idi. 7 Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı. 8 Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi. 9 Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.

10 * Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi. 11 Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü. 12 Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər. 13 * Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 14 Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.

15 * Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var. 16 Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 17 Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər. 18 * Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi. 19 Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı. 20 Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 21 Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.

22 * Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı. 23 Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü. 24 * Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi. 25 Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi. 26 * Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. 27 * Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. 28 Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi.

Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.

Yezekel 2

1 O mənə dedi: «Ey bəşər oğlu, ayağa qalx, Mən səninlə danışacağam». 2 O mənimlə danışarkən Ruh daxilimə girdi və məni ayağa qaldırdı. Mənimlə danışan bir Şəxsin səsini eşitdim. 3 O mənə dedi: «Ey bəşər oğlu, səni Mənə qarşı üsyan edən İsrail övladlarının – üsyankar bir millətin yanına göndərirəm. Onlar ataları ilə birgə bu günə qədər Mənə qarşı üsyan edir. 4 Səni yanlarına göndərəcəyim xalq dikbaş və inadkardır. Sən onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir!” 5 İstəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankar bir xalqdır. Ancaq bilsinlər ki, aralarında bir peyğəmbər var.

6 Ancaq, ey bəşər oğlu, sən qanqallar və tikanlar arasında olsan da, əqrəblər içində otursan da, o adamlardan qorxma, onların sözlərindən çəkinmə. Üsyankar bir xalq olsalar da, onların sözlərindən çəkinmə, onlardan qorxma. 7 Sən onlara Mənim sözlərimi söylə, istəyirlər sənə qulaq assınlar, istəyirlər yox, çünki onlar üsyankardır.

8 Ey bəşər oğlu, sənsə Mənim söylədiklərimə qulaq as, bu üsyankar xalq kimi sən də üsyankar olma. Ağzını aç və Mənim sənə verəcəyim şeyi ye». 9 * Mən baxıb gördüm ki, mənə tərəf bir əl uzandı və əlin içində bir tumar var. 10 O, tumarı qabağımda açdı. Tumarın önü və arxası yazılı idi, üzərində «mərsiyə, matəm, bəla» sözləri yazılmışdı.

Yezekel 3

1 * O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə». 2 Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi. 3 Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu.

4 O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə. 5 Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən, 6 ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı. 7 Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır. 8 Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. 9 Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə».

10 O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit. 11 Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox».

12 Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun». 13 Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim. 14 Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu. 15 Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım.

16 Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu: 17 «Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et. 18 Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 19 Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan.

20 Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. 21 Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan».

22 Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam». 23 Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım. 24 Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla. 25 Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən. 26 Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən. 27 Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır.