1 Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına qoyub üstündə Yerusəlim şəhərini təsvir et. 2 Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy. 3 Bir dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət olacaq.
4 Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür, o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən. 5 Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən. 6 Bunu etdikdən sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək. Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım. 7 Üzünü Yerusəlimin mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et. 8 Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən.
9 Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz doxsan gün ərzində onu ye. 10 Gündəlik yeməyinin çəkisi iyirmi şekel olacaq, onu müəyyən vaxtlarda ye. 11 Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç. 12 Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub üstündə bişirib ye». 13 Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək». 14 Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib». 15 O mənə dedi: «Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm. Çörəyini onun üstündə bişir». 16 Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu da çaşqınlıq içində ölçü ilə içəcəklər. 17 Çünki çörəyə və suya möhtac olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq.
1 Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır. 2 Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm. 3 Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan. 4 Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».
5 Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim. 6 Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər». 7 Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».
8 Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam. 9 Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm. 10 * Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».
11 Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. 12 Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.
13 Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. 14 Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm. 15 Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim. 16 Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm. 17 * Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Ey bəşər oğlu, üzünü İsrail dağlarına çevir və onların əleyhinə peyğəmbərlik edib 3 söylə ki, ey İsrail dağları, Xudavənd Rəbbin sözünü dinləyin, dağlara, təpələrə, vadilərə və dərələrə Xudavənd Rəbb belə deyir: “Baxın Mən üstünüzə qılınc gətirəcəyəm və səcdəgahlarınızı məhv edəcəyəm. 4 Qurbangahlarınız xarabalığa çevriləcək, buxur qurbangahlarınız sındırılacaq. Öldürülmüş adamlarınızı bütlərinizin qabağına atacağam. 5 İsrail övladlarının cəsədlərini bütlərin qarşısında yerə sərəcək, sümüklərinizi qurbangahlarınızın ətrafına səpələyəcəyəm. 6 Məskən saldığınız bütün yerlərdə şəhərlər viran olacaq, səcdəgahlar dağıdılacaq ki, qurbangahlarınız xarabalığa və viranəliyə çevrilsin,* bütləriniz sındırılıb yox edilsin, buxur qurbangahlarınız kəsilsin və düzəltdiyiniz şeylər yer üzündən silinsin. 7 Aranızda öldürülənlər yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
8 Lakin Mən bəzilərinizi sağ buraxacağam. Ölkələr arasına səpələndiyiniz zaman millətlər içində qılıncdan qaçıb-qurtaranlarınız olacaq. 9 Sizin qaçıb-qurtaranlarınız aralarına sürgün edildikləri millətlər arasında Məni yada salacaq. Mənə xəyanət edən ürəklərinə, bütlərə dikdikləri xəyanətkar gözlərinə görə pərt oldum. Etdikləri pisliklərdən, bütün iyrənc işlərindən ötrü öz-özlərindən ikrah edəcəklər. 10 Onda biləcəklər ki, Rəbb Mənəm və onların başına bu bəlanı gətirəcəyimi nahaq yerə söyləməmişəm”.
11 Xudavənd Rəbb belə deyir: “Əllərini bir-birinə vur, ayaqlarını yerə çırpıb söylə ki, İsrail nəslinin bütün pis və iyrənc işlərinə görə vay onların halına! Çünki qılıncdan, aclıqdan və vəbadan həlak olacaqlar. 12 Uzaqda olan vəbadan öləcək, yaxında olan qılıncla həlak olacaq, mühasirə zamanı sağ qalan aclıqdan öləcək, Mən onlara hədsiz qəzəbimi göstərəcəyəm. 13 Öz bütləri arasında, qurbangahların ətrafında, hər yüksək təpədə, hər dağın zirvəsində, hər kölgəli ağac altında, sıx yarpaqlı hər palıd ağacı altında, bütün bütlərinə ətirli buxur təqdim etdikləri yerlərdə onların həlak olanları yerə səriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 14 Onlara qarşı əl qaldıracağam, səhradan Divlaya doğru yaşadıqları bütün yerlərdə ölkəni xaraba və sakinsiz qoyacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. 3 İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 4 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”.
5 Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir. 6 Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir! 7 Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. 8 Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. 9 Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm.
10 Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı. 11 Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq. 12 Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq. 13 Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək.
14 Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq. 15 Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək. 16 Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək. 17 Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək. 18 Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq. 19 Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. 20 Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim. 21 Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar. 22 Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq.