İyun 16.mp3

1 Salnamələr 19

1 Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu. 2 Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə 3 Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər». 4 Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi. 5 Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».

6 Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər. 7 Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər. 8 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. 9 Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.

10 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü. 11 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü. 12 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm. 13 Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». 14 Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı. 15 Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.

16 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi. 17 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu. 18 Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü. 19 Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

1 Salnamələr 20

1 * Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. 2 Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. 3 O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.

4 Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından * Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu. 5 * Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. 6 Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. 7 O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. 8 Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

1 Salnamələr 21

1 Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. 2 Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». 3 Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» 4 Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. 5 O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. 6 Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.

7 Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi. 8 Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 9 Rəbb Davudun görücüsü Qada dedi: 10 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”». 11 Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç: 12 ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?» 13 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».

14 Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu. 15 Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı. 16 Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki sıyrılmış qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı. 17 Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».

18 Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin». 19 Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı. 20 Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü. 21 Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi. 22 Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın». 23 Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm». 24 Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm». 25 Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi. 26 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi. 27 Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu.

28 Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. 29 Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. 30 Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.



Həvarilərin işləri 3

Şikəst dilənçinin şəfası

1 Bir gün Peterlə Yəhya doqquzuncu saatda,* dua vaxtı məbədə gedirdilər. 2 Bu zaman ayaqları anadangəlmə şikəst olan bir kişi məbədin Gözəl adlı qapısına gətirilirdi. Hər gün bu adamı ona görə oraya gətirərdilər ki, məbədə gəlib-gedənlərdən dilənərək nəzir alsın. 3 O, məbədə girən Peterlə Yəhyanı görüb onlardan nəzir istədi. 4 Peterlə Yəhya ona diqqətlə baxdı. Peter ona dedi: «Bizə bax». 5 Bu kişi onlardan nə isə umaraq gözlərini onların üzünə dikdi. 6 Peter ona dedi: «Nə qızılım, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz». 7 Sonra sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. 8 Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi. 9 Bütün xalq gördü ki, bu kişi yeriyir və Allaha həmd edir. 10 Onun məbədin Gözəl qapısında oturub dilənən kişi olduğunu tanıyanda hamı ondakı dəyişikliyə mat qalıb heyrətə düşdü.