İyul 16.mp3

Ester 1

1 * Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi. 2 O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu. 3 Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi. 4 O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi. 5 Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi. 6 Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu. 7 Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi. 8 Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin. 9 Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu.

10 Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi: 11 «Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi. 12 Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.

13 Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi. 14 Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi. 15 Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi». 16 Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi. 17 Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq. 18 Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq. 19 Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin. 20 Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq».

21 Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi. 22 Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.

Ester 2

1 Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı. 2 Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın. 3 Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun. 4 Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.

5 Şuşan qalasında Mordokay * adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi. 6 * Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi. 7 Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.

8 Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü. 9 Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı. 10 Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin. 11 Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu.

12 On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər. 13 Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı. 14 O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi. 15 Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.

16 Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı. 17 Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi. 18 Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.

19 Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi. 20 Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.

21 Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi. 22 Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi. 23 Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı.



Həvarilərin işləri 21:1-21:17

Yerusəlimə səyahət

1 Onlardan ayrılıb dənizə çıxanda birbaşa Kosa getdik, səhəri gün isə Rodosa, oradan da Pataraya keçdik. 2 Finikiyaya gedən bir gəmi tapdıq və ona minib dənizlə getdik. 3 Kipri gördük və onun cənubundan keçdik. Suriya istiqamətinə getdik və Sur şəhərində sahilə çıxdıq. Gəmi yükünü orada boşaltmalı idi. 4 Orada şagirdləri axtarıb tapdıq və yanlarında bir həftə qaldıq. Şagirdlər Ruhun təsiri ilə Paula xəbərdarlıq etdilər ki, Yerusəlimə getməsin. 5 Amma oradakı günlərimiz başa çatanda bu şəhərdən çıxıb yolumuza davam etdik. İmanlıların hamısı öz arvad-uşaqları ilə bərabər bizi şəhərin kənarına qədər ötürdü və sahildə diz çökərək dua etdik. 6 Bir-birimizlə vidalaşandan sonra biz gəmiyə mindik, onlar da evlərinə qayıtdılar.

7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8 *Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10 *Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram». 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.