1 Rəbb Musaya və Haruna dedi: 2 «İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın. 3 Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır. 4 Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın. 5 Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın. 6 Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 7 Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 8 Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın. 9 Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın. 10 Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun. 11 Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 12 Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun.
13 Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın. 14 Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin. 15 Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin.
16 Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın. 17 Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın. 18 Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın.
19 Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın. 20 Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın. 21 O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. 22 O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın. 23 Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın. 24 Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın.
25 Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın. 26 Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın. 27 Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın. 28 Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın. 29 Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin. 30 Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin.
31 Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”».
32 Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün, 33 aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür.
1 * Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: 2 «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram. 3 * Buna görə Harun Müqəddəs yerə yalnız belə girə bilər: günah qurbanı üçün bir buğa və yandırma qurbanı üçün bir qoç götürsün; 4 müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun əvvəl bədənini su ilə yusun, sonra onları geysin. 5 İsrail övladlarının icmasından günah qurbanı iki təkə və yandırma qurbanı üçün bir qoç götürsün.
6 Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin. 7 Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın. 8 Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel * üçün püşklə seçsin. 9 Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin. 10 Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin.
11 Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin. 12 Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin. 13 Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin. 14 Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin.
15 * Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin. 16 Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin. 17 Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail camaatı üçün kəffarə edib 18 çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin. 19 Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis edin.
20 Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin 21 və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın. 22 Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.
23 * Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun. 24 Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin. 25 Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın. 26 Azazel olan təkəni yola salan adam da geyimini və bədənini su ilə yusun, sonra düşərgəyə girsin. 27 * Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın. 28 Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin.
29 * Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə etsin. 30 Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz. 31 O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun. 32 Atasının yerinə kahinlik etmək üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib 33 Ən Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də kəffarə etsin. 34 İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu.
1 Rəbb Musaya belə dedi: 2 «Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur: 3 İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən 4 onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun. 5 Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər. 6 Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın. 7 * İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.
8 Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə 9 Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.