1 Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı. 2 Yaqubun tarixçəsi belədir.
Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı. 3 İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi. 4 Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.
5 Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar. 6 Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: 7 biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim etdilər». 8 Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.
9 Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə təzim edir». 10 O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?» 11 * Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
12 Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər. 13 İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram». 14 İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı.
Yusif gəlib Şekemə çatdı. 15 Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu. 16 O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?» 17 Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.
18 Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər. 19 Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir. 20 İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır». 21 Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq». 22 Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın. 23 Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar. 24 Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.
25 Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar. 26 Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar? 27 Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar. 28 * Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
29 Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı. 30 Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?» 31 Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar. 32 Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?» 33 O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb». 34 Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu. 35 Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı.
36 Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.
1 O zaman Yəhuda qardaşlarından ayrılaraq Xira adlı Adullamlı bir adamın yanına gedib məskən saldı. 2 Yəhuda orada Şua adlı Kənanlı bir adamın qızını gördü. Yəhuda qızı arvad alıb yanına girdi. 3 Qadın hamilə olub bir oğlan doğdu və Yəhuda onun adını Er qoydu. 4 Qadın yenə hamilə olub bir oğlan doğdu və adını Onan qoydu. 5 Sonra yenə də bir oğlan doğub, adını Şela qoydu. Qadın onu doğduğu zaman Yəhuda Kezivdə idi.
6 Yəhuda ilk oğlu Er üçün bir arvad aldı, onun adı Tamar idi. 7 Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis idi və Rəbb onu öldürdü. 8 * Yəhuda Onana dedi: «Qardaşın arvadının yanına gir, öz qayınlıq vəzifəni yerinə yetirib qardaşın üçün nəsil yetişdir». 9 Onan bilirdi ki, bu nəsil ona məxsus olmayacaq. Buna görə də qardaşı arvadının yanına girəndə toxumunu yerə tökərdi ki, qardaşı üçün nəsil yetişdirməsin. 10 Onun etdiyi bu iş Rəbbin gözündə pis oldu və Rəbb onu da öldürdü. 11 Yəhuda gəlini Tamara dedi: «Atanın evinə qayıt, oğlum Şela böyüyənə qədər dul olaraq qal». Yəhuda fikirləşdi ki, Şela da qardaşları kimi ölə bilər. Tamar gedib atasının evində qaldı.
12 Uzun müddətdən sonra Şuanın qızı olan Yəhudanın arvadı öldü. Yəhuda matəm qurtarandan sonra dostu Adullamlı Xira ilə birlikdə Timnata sürüsünü qırxanların yanına getdi. 13 Tamara bildirdilər: «Bax qayınatan sürüsünü qırxmaq üçün Timnata gəlir». 14 Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timnata gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib.
15 Yəhuda onu görəndə elə bildi ki, bir fahişə qadındır, çünki üzünü örtmüşdü. 16 Yəhuda yolunu ona tərəf salıb dedi: «İcazə ver, sənin yanına girim». Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: «Yanıma girmək üçün mənə nə verirsən?» 17 Yəhuda dedi: «Sürüdən bir oğlaq göndərərəm». O dedi: «Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?» 18 Yəhuda soruşdu: «Girov olaraq sənə nə verim?» Qadın dedi: «Öz möhürünü, qaytanını və əlində olan əsanı». Yəhuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı. 19 Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb dulluq paltarını geydi.
20 Yəhuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o, qadını tapmadı. 21 Qadının olduğu yerin adamlarından soruşdu: «Enayimdə yol kənarında olan fahişə * haradadır?» Onlar dedilər: «Burada fahişə yoxdur». 22 O, Yəhudanın yanına qayıdıb dedi: «Onu tapa bilmədim. O yerin adamları da “burada fahişə yoxdur” dedilər». 23 Yəhuda dedi: «Qoy bu şeylər onunku olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın».
24 Bundan təxminən üç ay sonra Yəhudaya bildirdilər: «Gəlinin Tamar zina edib, həm də bu zinadan hamilə qalıb». Yəhuda dedi: «Onu çıxarıb yandırın». 25 O bayıra çıxarıldığı zaman qayınatasına xəbər göndərib dedi: «Mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım». Sonra dedi: «Bax gör, bu möhür, qaytan və əsa kimindir?» 26 Yəhuda bunları tanıyıb dedi: «O məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim». Yəhuda onunla bir daha yaxınlıq etmədi.
27 Tamar doğanda məlum oldu ki, bətnində əkiz var. 28 Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi: «Əvvəlcə bu doğuldu». 29 Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres † qoydular. 30 Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah ‡ qoydular.