1 Sürgünlüyümüzün altıncı ilində, altıncı ayın beşinci günü mən evdə oturmuşdum və Yəhuda ağsaqqalları da qarşımda əyləşmişdi. O zaman orada üstümə Xudavənd Rəbbin əli endi. 2 * Mən baxıb insana * oxşar bir surət gördüm: belindən aşağı oda bənzəyir, belindən yuxarı isə metal kimi parıldayırdı. 3 O, ələ bənzər bir şey uzatdı və məni saçımdan tutdu. Onda Ruh məni yerlə göy arasına qaldırdı və Allahın görüntülərində Yerusəlimə, içəri həyətin şimal qapısının giriş yerinə gətirdi. Orada Allahda qısqanclıq oyadan qısqanclıq bütü qurulmuşdu. 4 * Düzənlikdə gördüyümə bənzər İsrail Allahının izzəti də orada idi.
5 O mənə dedi: «Ey bəşər oğlu, indi başını şimal tərəfə qaldır». Mən başımı şimal tərəfə qaldırıb gördüm ki, həmin qısqanclıq bütü qurbangah qapısının şimalında – giriş yerindədir. 6 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi nə edirlər? İsrail nəsli burada çoxlu iyrənc işlər edir ki, Mən Müqəddəs məkanımdan uzaqlaşım. Hələ bundan da iyrənc şeylər görəcəksən».
7 O məni həyətin giriş yerinə gətirdi. Mən baxıb gördüm ki, divarda bir dəlik var. 8 O mənə dedi: «Ey bəşər oğlu, gəl divarı dəl». Mən divarı dəlib gördüm ki, bir qapı var. 9 O mənə dedi: «İçəri gir, onların orada pis və iyrənc işlərini gör». 10 Mən içəri girib gördüm ki, hər cür sürünənlərin, mənfur heyvanların surəti və İsrail nəslinin bütlərinin hamısının təsviri hər tərəfdən divara çəkilib. 11 İsrail nəslinin ağsaqqallarından yetmiş nəfər onların önündə durmuşdu. Şafan oğlu Yaazanya da onların arasında dayanmışdı. Hər birinin əlində buxurdan var idi və buxurun ətri bulud kimi göyə qalxırdı. 12 O mənə dedi: «Ey bəşər oğlu, görürsənmi İsrail nəslinin ağsaqqalları öz bütlərinin otaqlarında, qaranlıq yerlərdə nə edir? Ona görə ki onlar “Rəbb bizi görmür, Rəbb ölkəni tərk etdi” deyir». 13 O yenə mənə dedi: «Hələ onların bundan da iyrənc işlərini görəcəksən».
14 O məni Rəbbin məbədinin şimal tərəfdəki qapısının giriş yerinə gətirdi. Mən gördüm ki, Tammuz bütü üçün ağlayan qadınlar orada oturub. 15 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Hələ bundan da iyrənc şeylər görəcəksən».
16 O məni Rəbbin məbədinin içəri həyətinə gətirdi. Gördüm ki, Rəbbin məbədinin giriş yerində eyvanla qurbangah arasında arxaları Rəbbin məbədinə, üzləri isə şərqə çevrilmiş təxminən iyirmi beş kişi var. Onlar şərqə üz tutaraq günəşə sitayiş edirdi. 17 O mənə dedi: «Görürsənmi, bəşər oğlu? Məgər Yəhuda nəsli üçün burada etdikləri iyrənc işlər az idi ki, üstəlik ölkəni zorakılıqla doldurur və bununla Məni daha da qəzəbləndirirlər? Bax indi onlar budağı burnuma soxaraq Məni təhqir edir. 18 Buna görə Mən də qəzəblə rəftar edəcəyəm, onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. Məni ucadan çağırsalar da, onlara qulaq asmayacağam».
1 Sonra Onun «qoy şəhəri cəzalandıranların hər biri öz qırğın silahı əlində şəhərə yaxınlaşsın» deyə ucadan qışqırdığını eşitdim. 2 Mən gördüm ki, şimal tərəfdəki yuxarı qapının yolu ilə altı nəfər gəldi. Hər birinin toppuzu əlində idi. Onların arasında kətan paltar geyinmiş, belində yazı qutusu olan bir adam var idi. Onlar içəri girdi və tunc qurbangahın yanında dayandı.
3 İsrail Allahının izzəti dayandığı keruvun üstündən qalxıb məbədin kandarına getdi. Rəbb kətan paltar geyinmiş, belində yazı qutusu olan adamı çağırıb 4 * ona dedi: «Yerusəlim şəhərini gəz və orada edilən bütün iyrənc işlərdən ötrü ah-nalə edən adamların alnına işarə qoy». 5 Sonra o biri adamlara bunu dediyini eşitdim: «Onun ardınca şəhəri gəzin və adamları qırın, yazığınız gəlməsin və rəhm etməyin. 6 Qocanı, cavanı, ərə getməmiş qızı, uşaqlarla qadınları ölənəcən vurun, ancaq üstündə işarə olan adamlara toxunmayın. Mənim Müqəddəs məkanımdan başlayın». Onlar da məbədin önündə olan ağsaqqalları qırmağa başladı. 7 Rəbb onlara dedi: «Məbədi murdarlayın, həyətləri cəsədlərlə doldurun. Haydı, işə başlayın!» Sonra onlar gedib şəhərdəkiləri qırdı. 8 Onlar adamları qırarkən mən tək qalmışdım. Onda mən üzüstə düşərək fəryad edib dedim: «Aman, ya Xudavənd Rəbb! Yerusəlim üzərinə qəzəbini tökərkən İsrailin bütün yerdə qalanlarını da həlak edəcəksənmi?»
9 O mənə dedi: «İsrail və Yəhuda nəslinin təqsiri böyükdür, çox böyükdür. Ölkə qanla, şəhər azğınlıqla doludur. Çünki onlar “Rəbb ölkəni tərk etdi, Rəbb görmür” deyir. 10 Mənim də onlara yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, əməllərinin əvəzini başlarına gətirəcəyəm».
11 Mən gördüm ki, belində yazı qutusu olan, kətan paltar geyinmiş adam «mənə əmr etdiyin şeyə əməl etdim» deyib xəbər gətirdi.
1 * Mən baxıb gördüm ki, keruvların başı üzərindəki qübbənin üstündə göy yaqut daşı kimi görünüşcə taxta bənzər bir şey peyda oldu. 2 * Rəbb kətan geyinmiş adama belə söylədi: «Keruvların altındakı fırlanan təkərlərin arasına girib keruvların arasından iki ovuc odlu köz götür və şəhərin üzərinə səpələ». O adam gözümün qabağında oraya girdi. 3 O adam oraya girəndə keruvlar məbədin cənub tərəfində durmuşdu. Bu zaman bulud içəri həyətə doldu. 4 Rəbbin izzəti keruvun üstündən qalxıb məbədin kandarına getdi. Məbədi bulud bürüdü və həyət Rəbbin izzətinin nuru ilə doldu. 5 Keruvların qanadlarının səsi bayır həyətə qədər gəlirdi. Bu səs Külli-İxtiyar Allah danışdığı zaman çıxan səs kimi uca idi.
6 Rəbb kətan geyinmiş adama «keruvların və fırlanan təkərlərin arasından od götür» deyə əmr edəndə o girib bir təkərin yanında durdu. 7 Onda keruvlardan biri keruvların arasından əlini uzadıb onların ortasında olan odu götürdü və kətan geyinmiş adamın ovcuna qoydu. O adam da odu götürüb çıxdı. 8 Keruvların qanadları altında insan əlinə bənzər bir şey göründü.
9 * Mən baxıb gördüm ki, keruvların yanında dörd təkər və hər keruvun yanında bir təkər var. Təkərlər sarı yaqut kimi parıldayırdı. 10 Dördünün də görünüşü eyni cür idi, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 11 Getdikləri zaman dörd tərəfə hərəkət edirdilər, gedərkən sağa-sola dönmürdülər. Baş hansı tərəfə yönəlmişdisə, o tərəfə də gedirdilər, gedərkən sağa-sola dönmürdülər. 12 * Onların bütün bədəni, kürəyi, əlləri, qanadları və təkərləri – dördünün də təkərləri hər tərəfdən gözlərlə dolu idi. 13 Mən bu təkərlərə «fırlanan təkərlər» deyildiyini eşitdim. 14 * Canlı məxluqların hər birinin dörd üzü var idi: birincisi keruv üzü, ikincisi insan üzü, üçüncüsü aslan üzü və dördüncüsü qartal üzü idi.
15 Keruvlar yerdən qalxdı. Bunlar Kevar çayının sahilində gördüyüm həmin canlı məxluqlar idi. 16 Keruvlar gedəndə onların yanında olan təkərlər də gedirdi. Keruvlar yerdən qalxmaq üçün qanadlarını qaldıranda təkərlər də onların yanından ayrılmırdı. 17 Onlar dayananda bunlar da dayanırdı, onlar yerdən qalxanda bunlar da birlikdə yerdən qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
18 Rəbbin izzəti məbədin kandarından çıxdı və keruvların üstündə durdu. 19 Keruvlar gedəndə qanadlarını qaldırıb gözümün önündə yerdən qalxdı, təkərlər də yanlarında idi. Onlar Rəbbin məbədinin şərq darvazasının giriş yerində dayandı. İsrail Allahının izzəti yuxarıda, onların üzərində idi.
20 Bunlar Kevar çayının sahilində, İsrail Allahının altında gördüyüm həmin canlı məxluqlar idi. Mən bildim ki, onlar keruvdur. 21 Hər birinin dörd üzü və dörd qanadı var idi. Qanadları altında insan əllərinə bənzər bir şey var idi. 22 Onların üzlərinin bənzəyişi Kevar çayı sahilində gördüyüm üzlərə oxşayırdı. Hər biri üz tutduğu tərəfə irəliləyirdi.