1 Petuelin oğlu Yoelə nazil olan Rəbbin sözü budur:
2 Ey ağsaqqallar, bunu dinləyin.
Ey bütün ölkə əhalisi, buna qulaq asın,
Sizin və atalarınızın dövründə
Belə bir şey olubmu?
3 Siz bunu övladlarınıza danışın.
Övladlarınız da öz övladlarına,
Onların övladları isə gələcək nəslə danışsın.
4 Kəsici çəyirtkələrdən qalanı qaynaşan çəyirtkə yedi,
Qaynaşan çəyirtkədən qalanı tullanan çəyirtkə yedi,
Tullanan çəyirtkədən qalanı dağıdıcı çəyirtkə yeyib-qurtardı.
5 Ayılın, ey sərxoşlar və ağlayın.
Ey şirin şərab içənlər, hamınız nalə çəkin,
Ona görə ki, şirin şərab ağzınızdan alındı.
6 * Çünki mənim torpağımın üzərinə
Qüvvətli və saysız-hesabsız bir millət gəldi.
Onların dişləri aslan dişləri kimidir,
Onlarda dişi aslanın köpək dişləri var.