1 Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra 2 * Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü. 3 Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq. 4 Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən, 5 * sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim. 6 Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz, 7 Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək. 8 Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?” 9 Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».
10 Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra 11 Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi. 12 Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi. 13 O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul * torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır. 14 Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.
15 Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi. 16 Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi. 17 Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu, 18 Baalatı, ölkədəki səhralıqda olan Tadmoru, 19 özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi. 20 Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı, 21 çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir. 22 İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.
23 Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.
24 Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.
25 * Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.
26 Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi. 27 Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi. 28 Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.
1 * Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. 2 O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. 3 Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. 4 Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı, 5 süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi. 6 O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. 7 Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür. 8 Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. 9 Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu». 10 Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi.
11 Ofirdən qızıl gətirən Xiramın gəmiləri oradan çoxlu ardıc ağacı və qiymətli daşlar gətirdi. 12 Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün sürahi, musiqiçilər üçün lira və çəng düzəltdi. Heç vaxt bu qədər ardıc ağacı gəlməmişdi və bu günə qədər görünməmişdi. 13 Padşah Süleymanın öz səxavətinə görə Səba mələkəsinə verdiklərindən başqa, padşah onun arzuladığı və istədiyi bütün şeyləri verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi.
14 Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi. 15 Alver edən adamlardan, tacirlərin ticarətindən, bütün Ərəb padşahlarından və ölkənin valilərindən gələn qızıl buraya daxil deyildi. 16 Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel qızıl işləndi. 17 O, döymə qızıldan üç yüz qalxan da düzəltdi. Bir qalxana üç mina qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.
18 Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü. 19 Taxtın altı pilləsi var idi. Arxa tərəfdən taxtın başı dəyirmi idi. Oturacağın hər iki tərəfində qollar var idi, qolların yanında iki şir təsviri var idi. 20 Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə şey yox idi. 21 Padşah Süleymanın bütün içki qabları qızıldan idi, «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Gümüşdən heç bir şey yox idi, çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı. 22 Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri * var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.
23 Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi. 24 Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi. 25 Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl və gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.
26 * Süleyman döyüş arabaları və süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi. 27 * Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi. 28 * Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdılar. 29 Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib, Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdılar.
İsa beş min nəfəri doydurur