1 Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».
2 Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi. 3 Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı 4 və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi. 5 Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
6 Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi. 7 * Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı. 8 Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən. 9 Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. 10 O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”. 11 İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən. 12 Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən. 13 * Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə. 14 Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et. 15 Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər, 16 hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».
17 Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi: 18 «Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib. 19 İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».
1 * Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
2 Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. 3 Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. 4 Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, 5 dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. 6 Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
7 Gerşonun nəslindən: Ladan və Şimey. 8 Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. 9 Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. 10 Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. 11 Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. 13 * Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. 14 Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı. 15 Musanın oğulları: Gerşom və Eliezer. 16 Gerşomun ilk oğlu Şevuel. 17 Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. 18 İsharın ilk oğlu Şelomit. 19 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. 20 Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21 Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. 22 Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar. 23 Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. 24 Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25 Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. 26 * Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». 27 Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. 28 * Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, 29 təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, 30 hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, 31 Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. 32 Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.
1 Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. 2 * Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. 3 Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. 4 Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. 5 Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi. 6 Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.
7 Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya, 8 üçüncüsü Xarimə, dördüncüsü Seorimə, 9 beşincisi Malkiyaya, altıncısı Miyaminə, 10 * yeddincisi Haqqosa, səkkizincisi Aviyaya, 11 doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya, 12 on birincisi Elyaşivə, on ikincisi Yaqimə, 13 on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya, 14 on beşincisi Bilqaya, on altıncısı İmmerə, 15 on yeddincisi Xezirə, on səkkizincisi Happissesə, 16 on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə, 17 iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula, 18 iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı. 19 İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.
20 Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya. 21 Rexavyanın nəslindən ilk oğlu İşşiya. 22 İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat. 23 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam. 24 Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir. 25 Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə. 26 Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya. 27 Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri. 28 Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi. 29 Qişin nəslindən Yeraxmeel. 30 Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir. 31 Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.