İyul 17.mp3

Ester 3

1 Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı * Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi. 2 Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim edirdi. Mordokay isə Hamana baş əyərək təzim etmirdi. 3 Padşah sarayının darvazasında olan əyanlar Mordokaydan soruşdular: «Niyə padşahın əmrinə itaət etmirsən?» 4 Bunu Mordokaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə davranışını davam etdirəcək, yoxsa yox. 5 Haman Mordokayın ona baş əyməyərək qarşısında təzim etmədiyini görəndə kini artdı. 6 Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi.

7 Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü. 8 Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz. 9 Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talant  gümüş çəkib göndərərəm». 10 Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi. 11 Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et».

12 Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi. 13 On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.

14 Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi. 15 Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.

Ester 4

1 Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı. 2 O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi. 3 Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.

4 Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi. 5 Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin. 6 Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi. 7 Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi. 8 Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.

9 Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı. 10 Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi: 11 «Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur». 12 Esterin bu sözləri Mordokaya çatdırıldı.

13 Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan. 14 Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?» 15 Ester Mordokayın bu cavabı qarşısında belə söylədi: 16 «Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».

17 Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.

Ester 5

1 Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu. 2 O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu. 3 Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm». 4 Ester dedi: «Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin».

5 Padşah dedi: «Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək!» Padşahla Haman Esterin qurduğu ziyafətə gəldi. 6 Şərab içiləndə padşah Esterə dedi: «Arzun nədir? De, sənə verim! İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».

7 Ester cavab verdi: «Arzu-istəyim budur: 8 Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm».

9 O gün Haman sevinclə, könlü xoş oradan çıxdı, lakin saray darvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə, tərpənmədiyini görəndə köksü Mordokaya qarşı qəzəblə doldu. 10 Haman özünü ələ alaraq evə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı. 11 Onlara cah-calalından, çoxlu oğullarından, padşahın neçə dəfə rütbəsini qaldıraraq ona digər rəislərdən və əyanlardan üstün mövqe verməsindən danışdı. 12 O belə dedi: «Bəli, mələkə Ester də qurduğu ziyafətə padşahla bərabər gəlmək üçün məndən başqa kimsəni layiq görmədi. Sabah da o məni padşahla bərabər ziyafətə dəvət edib. 13 Amma mən Yəhudi Mordokayı saray darvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür». 14 Arvadı Zereş və dostları belə dedi: «Hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdir. Səhər açılanda isə padşaha söylə ki, Mordokayı ondan asdırsın və padşah ziyafətinə əhvalı xoş get». Bu sözlər Hamanın ürəyinə yatdı və dar ağacı düzəltdirdi.

Ester 6

1 Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu. 2 * Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi». 3 Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib». 4 Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın. 5 Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri». 6 Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?» 7 Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin: 8 padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin. 9 Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”». 10 Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».

11 Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir». 12 Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı. 13 O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».