Fevral-17.mp3

Levililər 18

1 Rəbb Musaya dedi: 2 «İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm. 3 Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın; 4 Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm. 5 * Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.

6 Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq* üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm. 7 Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma. 8 * Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur. 9 * Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. 10 Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur. 11 Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır. 12 * Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur. 13 Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur. 14 Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır. 15 * Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma. 16 * Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur. 17 * Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır. 18 Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.

19 * Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə. 20 * Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama. 21 * Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm. 22 * Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir. 23 * Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.

24 Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb, 25 torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. 26 İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. 27 Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. 28 Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. 29 Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. 30 Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».

Levililər 19

1 Rəbb Musaya dedi: 2 * «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.

3 * * Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm. 4 * * Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.

5 Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin. 6 Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın. 7 Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar. 8 O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.

9 * Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. 10 Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.

11 * * Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. 12 * Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.

13 * Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. 14 * Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.

15 * Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. 16 Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.

17 * Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. 18 * Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.

19 * Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.

20 Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil, 21 o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin. 22 Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.

23 Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin. 24 Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın. 25 Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.

26 * * Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin. 27 * Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin. 28 Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.

29 * Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın. 30 * Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.