Sentyabr 17.mp3

Süleymanın Məsəlləri 29

1 Məzəmmətlərə baxmayıb dikbaşlıq edən Birdən yıxılıb çarəsiz qalar.

2 Salehlər artanda xalq sevinər, Pis hökmdar olanda xalq nalə çəkər.

3 Hikmət sevən atasını sevindirər, Fahişələrə aşna olanın əlindən var-yoxu gedər.

4 Padşah ölkəni ədalətlə möhkəmləndirər, Ağır vergilər qoyansa ölkəni süqut etdirər.

5 Bir kişi ki qonşusunu yağlı dilə tutur, Onun addımları üçün tor qurur.

6 Pisin günahı özünə tələdir, Saleh sevincindən haray çəkir.

7 Saleh kasıbların haqqını görür, Pis adam bunu dərk etmir.

8 Rişxəndçilər şəhəri çaxnaşdırar, Hikmətlilər isə qəzəbi yatırar.

9 Hikmətli səfehi məhkəməyə versə, Səfeh coşub lağ edər, dinclik gedər.

10 Qana susayanlar kamil insana nifrət edər, Əməlisalehlər can qurtarar.

11 Axmaq həddini aşıb özündən çıxar, Hikmətli səbirli dayanar.

12 Hökmdar yalan sözə qulaq asarsa, Bütün xidmətçiləri şər insana çevrilər.

13 Yoxsul insan və zalım bir-birinə bir şeydə bənzəyir: Hər ikisinin gözlərini işıqlandıran Rəbdir.

14 Padşah kasıblara həqiqətlə hökm versə, Taxtı əbədi möhkəmlənər.

15 Kötək və məzəmmət hikmət gətirər, Özbaşına qalan uşaq anasını rüsvay edər.

16 Pislər çoxalanda cinayət artar, Salehlər görəcək ki, onlar necə yıxılacaqlar.

17 Oğluna tərbiyə ver ki, canın dinc olsun, Könlün bundan ləzzət alsın.

18 İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar. Qanuna əməl edən nə bəxtiyardır!