1 Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı. 2 * Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı. 3 Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
4 Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi. 5 Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü. 6 Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi.
7 Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat». 8 Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib. 9 Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» 10 Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.
11 Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi. 12 Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı. 13 Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə 14 ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım. 15 O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı». 16 Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı. 17 Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi. 18 Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».
19 Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi. 20 Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı. 21 Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı. 22 Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi. 23 Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.
1 Bir müddət sonra Misir padşahının saqisi və çörəkçisi ağaları Misir padşahına qarşı günah etdilər. 2 Firon bu iki əyanına – baş saqiyə və baş çörəkçiyə bərk qəzəbləndi 3 və onları mühafizəçilər rəisinin evində – Yusifin məhbus olduğu zindanda saxladı. 4 Mühafizəçilər rəisi Yusifi onlara xidmətçi təyin etdi və Yusif də onlara xidmət etdi. Onlar bir müddət zindanda qaldılar.
5 Bir gün Misir padşahının zindanda məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Hər ikisi bir gecədə müxtəlif mənalı yuxular gördü. 6 Səhər Yusif onların yanına gəldi və kədərli olduqlarını gördü. 7 Yusif onunla birgə ağasının evində, zindanda olan firon əyanlarından soruşdu: «Niyə bu gün üzünüz kədərlidir?» 8 Onlar Yusifə dedilər: «Yuxu görmüşük, ancaq onu yozan yoxdur». Yusif onlara dedi: «Yuxu yozmaq Allahın işi deyilmi? Onu mənə danışın».
9 Baş saqi yuxusunu Yusifə danışıb dedi: «Yuxumda gördüm ki, önümdə bir üzüm tənəyi var. 10 Tənəkdə üç budaq var idi. Onlarda tumurcuqlar görünüb çiçək açdı və salxımlar yetişdi. 11 Fironun piyaləsi mənim əlimdə idi. Üzümləri götürüb fironun piyaləsinə sıxdım və piyaləni firona verdim». 12 Yusif ona dedi: «Onun yozması belədir: üç budaq üç gündür. 13 Üç gün ərzində firon səni yüksəldəcək. Səni öz işinə qaytaracaq, sən də onun saqisi olduğun vaxtdakı kimi əvvəlki qaydaya görə fironun piyaləsini əlinə verəcəksən. 14 Ancaq sənin vəziyyətin yaxşılaşanda məni yadına sal və xeyirxahlıq göstər. Haqqımda firona danışıb məni bu yerdən çıxart. 15 Doğrudan da, mən İbranilərin torpağından oğurlanmışam və burada da zindana salınmağa layiq bir iş görməmişəm».
16 Baş çörəkçi Yusifin yuxunu yaxşılığa yozduğunu görüb ona dedi: «Mən isə yuxuda gördüm ki, başımın üstündə üç səbət ağ çörək var. 17 Ən üstdəki səbətdə çörəkçinin firon üçün bişirdiyi hər cür çörək var. Quşlar başımın üstündəki səbətdən onları yeyirdi». 18 Yusif belə cavab verdi: «Onun yozması belədir: üç səbət üç gündür. 19 Üç gün ərzində firon sənin başını bədənindən ayıracaq, özünü də ağacdan asacaq və quşlar sənin ətini didəcək».
20 Üçüncü gün – fironun ad günü o bütün əyanlarına ziyafət verdi. Baş saqini və baş çörəkçini əyanlarının önünə çıxartdı. 21 Baş saqini saqiliyinə qaytardı və o, piyaləni fironun əlinə verdi, 22 baş çörəkçini isə asdırdı; hər şey Yusifin yozduğu kimi oldu. 23 Ancaq baş saqi Yusifi yada salmadı və onu unutdu.
1 İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı. 2 Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. 3 Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar. 4 Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.
5 Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı. 6 Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 7 Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.
8 Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.
9 Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım: 10 bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı. 11 Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük. 12 Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi. 13 O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».