1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 * «Ey bəşər oğlu, sən üsyankar bir xalqın arasında yaşayırsan. Onların görmək üçün gözləri var, ancaq görmürlər, eşitmək üçün qulaqları var, ancaq eşitmirlər, çünki onlar üsyankar bir xalqdır. 3 Ey bəşər oğlu, sən sürgünə getmək üçün şeylərini hazırla və onların gözü önündə günün günorta çağı köç, onların gözü önündə öz yerindən başqa bir yerə köç et. Üsyankar bir xalq olsalar da, bəlkə bunu başa düşdülər. 4 Öz şeylərini sürgünə getmək üçün lazım olan şeylər kimi onların gözü önündə günün günorta çağı çıxart. Özün də hamının gözü önündə axşamüstü sürgünə gedən kimi çıx. 5 Onların gözü önündə divarda deşik aç və şeylərini oradan çıxart. 6 Hamının gözü önündə şeylərini çiynində daşı və qaranlıqda çıxart. Üzünü də ört ki, torpağı görməyəsən, çünki səni İsrail nəslinə əlamət göstərirəm».
7 Mənə necə əmr olunmuşdusa, eləcə də etdim. Şeylərimi sürgünə getmək üçün lazım olan şeylər kimi günün günorta çağı çıxartdım və axşamüstü divarı əllərimlə deşdim. Şeylərimi qaranlıqda çıxartdım və onların gözü önündə çiynimdə daşıdım.
8 Səhər tezdən mənə Rəbbin bu sözü nazil oldu: 9 «Ey bəşər oğlu, İsrail nəsli – o üsyankar xalq sənə “Nə edirsən?” demədimi? 10 Sən onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu xəbərdarlıq Yerusəlimdə olan rəhbər və orada yaşayan bütün İsrail nəsli üçündür”. 11 Sən belə de: “Mən sizin üçün əlamətəm. Mən necə etdimsə, onlara da belə ediləcək, sürgünə və əsarətə gedəcəklər. 12 Aralarında yaşayan rəhbər şeylərini qaranlıqda çiynində daşıyacaq və bayıra çıxacaq. Şeylərini çıxarmaq üçün divarı deşəcəklər. O, üzünü örtəcək ki, torpağı gözləri ilə görməsin. 13 * Onun üstünə tor sərəcəyəm və Mənim tələmə düşəcək. Onu Babilə – Xaldey ölkəsinə gətirəcəyəm. Oranı görməyəcək, amma orada öləcək. 14 Ətrafındakıların hamısını – köməkçilərini və bütün qoşunlarını küləyin əsdiyi dörd tərəfə səpəcək və onların arxasınca qılınc çəkəcəyəm. 15 Mən onları millətlər arasına yayanda və başqa ölkələr arasına səpələyəndə biləcəklər ki, Rəbb Mənəm. 16 Ancaq onlardan bir azını qılıncdan, aclıqdan və vəbadan sağ buraxacağam ki, öz iyrənc işlərinin hamısını aralarına gedəcəkləri millətlərə danışsınlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».
17 Mənə Rəbbin bu sözü nazil oldu: 18 «Ey bəşər oğlu, çörəyini titrəyərək ye, suyunu əsə-əsə, qorxu ilə iç. 19 Ölkə xalqına söylə ki, İsrail torpağında, Yerusəlimdə yaşayanlar üçün Xudavənd Rəbb belə deyir: “Onlar çörəklərini qorxu ilə yeyəcək, sularını dəhşətlə içəcək, çünki orada yaşayanların hamısının zorakılığından ötrü ölkələri bolluqdan məhrum olacaq. 20 Adam yaşayan şəhərlər viran olacaq və ölkə xarabalığa çevriləcək. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
21 Mənə Rəbbin bu sözü nazil oldu: 22 «Ey bəşər oğlu, İsrail torpağında nə üçün “günlər keçir, hər görüntü puç olur” məsəlini işlədirsiniz? 23 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Bu məsələ son qoyacağam, artıq İsraildə bu məsəli işlətməyəcəklər. Ancaq sən onlara söylə ki, hər görüntünün yerinə yetəcəyi günlər yaxınlaşdı. 24 Daha bundan sonra İsrail nəslinin arasında heç bir boş görüntü və aldadıcı falçılıq olmayacaq. 25 Çünki Rəbb Mənəm, Mən deyirəm və dediyim söz yerinə yetir, artıq təxirə salınmır. Ey üsyankar xalq, bu sözü sizin dövrünüzdə deyirəm və onu yerinə yetirəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».
26 Mənə Rəbbin bu sözü nazil oldu: 27 «Ey bəşər oğlu, İsrail nəsli belə deyir: “Ona gələn görüntü uzun müddət sonra olacaq, o, uzaq gələcək barədə peyğəmbərlik edir”. 28 Buna görə də onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Heç bir sözümü təxirə salmayacağam, dediyim söz yerinə yetəcək” Xudavənd Rəbb belə bəyan edir».
1 Mənə Rəbbin bu sözü nazil oldu: 2 «Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər. 3 Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb. 4 Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir. 5 Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız. 6 Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək. 7 Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
8 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir. 9 “Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm. 10 * Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur. 11 Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək. 12 Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”
13 Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun. 14 Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 15 Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də. 16 O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir.
17 Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib 18 söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız? 19 Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”.
20 Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm. 21 Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm. 22 Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın. 23 Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».
1 İsrail ağsaqqallarından bəzisi yanıma gəlib önümdə oturdu. 2 Onda mənə Rəbbin bu sözü nazil oldu: 3 «Ey bəşər oğlu, bu adamlar öz bütlərinə könül verdi və təqsir etmələrinə bais olan şeyləri üzləri önünə qoydu. Bundan sonra Mən onlara cavab verəcəyəmmi? 4 Buna görə də onlara müraciət edib söylə ki, Xudavənd Rəbb belə deyir: “İsrail nəslindən kimsə öz bütlərinə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və peyğəmbərə müraciət etsə, Mən Rəbb ona bütlərinin çoxluğuna görə cavab verəcəyəm. 5 Ona görə ki bütlərindən ötrü Mənə yad olan bütün İsrail nəslinin ürəyini yenidən Özümə cəlb edim”.
6 Buna görə də İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Bütlərinizdən dönün, onları rədd edin və bütün iyrənc işlərinizdən üz döndərin. 7 Əgər İsrail nəslindən hər kəs və İsraildə yaşayan qəriblərdən kimsə Məni tərk etsə, öz bütünə könül verib təqsir etməsinə bais olan şeyə səcdə etsə və özü barədə Məndən soruşmaq üçün peyğəmbərə müraciət etsə, Mən Rəbb ona cavab verəcəyəm. 8 Mən üzümü həmin adama qarşı çevirəcəyəm, onu ibrət və kinayə hədəfi edəcəyəm, xalqımın arasından silib atacağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
9 Əgər peyğəmbər yoldan azıb bir söz söyləsə, bilin ki, o peyğəmbərin yoldan azmasına səbəb olan Mən Rəbbəm. Mən ona qarşı əlimi qaldıracaq və onu xalqım İsrailin arasından silib-atacağam. 10 Onlar öz təqsirlərinin cəzasını çəkəcək. Peyğəmbərdən soruşanın cəzası necə olacaqsa, peyğəmbərin də cəzası elə olacaq. 11 Bunu ona görə edəcəyəm ki, İsrail nəsli bir də Mənim yolumdan sapmasın və bir daha bütün günahları ilə özlərini murdar etməsin. Beləcə onlar Mənim xalqım, Mən də onların Allahı olacağam” Xudavənd Rəbb belə bəyan edir».
12 Mənə Rəbbin bu sözü nazil oldu: 13 «Ey bəşər oğlu, əgər bir ölkə Mənə xain çıxıb günah edərsə, Mən ona qarşı əlimi qaldıraram, çörəyinin kökünü kəsib üstünə aclıq göndərərəm və oradan insanla heyvanı silib ataram. 14 “Əgər Nuh, Daniel və Əyyub – bu üç adam orada olsa belə, salehlikləri ilə ancaq öz canlarını qurtarar” Xudavənd Rəbb belə bəyan edir. 15 “Əgər Mən bu ölkəyə vəhşi heyvanlar göndərsəm, onlar oranı sakinsiz qoysa və o torpaq bu heyvanlara görə xaraba qalıb keçilməz olsa, 16 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar, ölkə isə xaraba qalar. 17 Yaxud o ölkənin üzərinə qılınc gətirsəm və ona ‹ey qılınc, ölkəni qırıb keç› deyərək insanı və heyvanı oradan silib atsam, 18 bu üç adam orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, yalnız öz canlarını qurtarar. 19 Yaxud o ölkəyə vəba göndərsəm, qan tökməklə onun üstünə qəzəbimi yağdıraraq insanı və heyvanı oradan silib atsam, 20 Nuh, Daniel və Əyyub orada olsa belə” bəyan edir Xudavənd Rəbb, “Varlığıma and olsun, nə oğullarını, nə də qızlarını qurtarar, salehlikləri ilə yalnız öz canlarını qurtarar”.
21 * Çünki Xudavənd Rəbb belə deyir: “Hələ Mən Yerusəlimdən insanı və heyvanı silib atmaq üçün dörd ağır cəzamı – qılıncı, aclığı, vəhşi heyvanları və vəbanı onun üzərinə göndərəndə daha nələr olacaq! 22 Amma orada bir dəstə salamat qalacaq. Sağ qalan oğlan və qızlar oradan çıxarılıb sizin yanınıza gələcək. Siz də onların əməllərini və işlərini görəcəksiniz. Onda Yerusəlim üzərinə gətirdiyim bəlaya görə, oraya etdiyim hər şeydən ötrü təsəlli tapacaqsınız. 23 Onların əməllərini və işlərini gördüyünüz zaman bu sizə təsəlli olacaq. Onda biləcəksiniz ki, oraya etdiyim hər şeyi boş-boşuna etmədim” Xudavənd Rəbb belə bəyan edir».