İyun 18.mp3

1 Salnamələr 25

1 Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur: 2 Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər. 3 Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi. 4 Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot. 5 Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi. 6 Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi. 7 Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi. 8 Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.

9 Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi. 10 Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi. 11 Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi. 12 Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi. 13 Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi. 14 Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi. 15 Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi. 16 Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi. 17 Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi. 18 On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi. 19 On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi. 20 On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi. 21 On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi. 22 On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi. 23 On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi. 24 On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi. 25 On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi. 26 On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi. 27 İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi. 28 İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi. 29 İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi. 30 İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi. 31 İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi.

1 Salnamələr 26

1 Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya. 2 Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel, 3 beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay. 4 * Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel, 5 altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi. 6 Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi. 7 Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi. 8 Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi. 9 Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi. 10 Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri, 11 ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi.

12 Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular. 13 Böyüyü də, kiçiyi də ata nəsillərinə görə hər qapı üçün püşk atdı. 14 Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü. 15 Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü. 16 Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi. 17 Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili. 18 Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu. 19 Bunlar Qorah və Merari nəsillərindən olan qapıçı bölmələridir.

20 Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır: 21 Gerşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gerşonlu Yexieli, 22 Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel. 23 Amramın, İsharın, Xevronun və Uzzielin nəsillərindən 24 Musa oğlu Gerşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi. 25 Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit. 26 Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi. 27 Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar. 28 Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi.

29 İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı. 30 Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi. 31 Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı. 32 Yeriyanın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu.



Həvarilərin işləri 4:13-4:31

13 Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. 14 Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. 15 Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb 16 dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. 17 Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər». 18 Beləcə onları çağırıb əmr verdilər ki, İsanın adını bəyan etmək və bu adla hər hansı bir təlim öyrətmək qadağandır. 19 Lakin Peterlə Yəhya cavab verib dedilər: «Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? 20 Axı eşidib-gördüklərimizi deməyə bilmərik». 21 Ali Şuranın üzvləri onlara cəza vermək üçün imkan tapa bilmədiklərinə görə onları bir daha hədələyəndən sonra azadlığa buraxdılar. Çünki bütün xalq baş verən hadisəyə görə Allahı izzətləndirdi. 22 Bu əlamət vasitəsilə sağalan adamın qırxdan artıq yaşı var idi.

23 Azadlığa buraxılan Peter və Yəhya öz yoldaşlarının yanına gəlib başçı kahinlərlə ağsaqqalların sözlərini onlara çatdırdılar. 24 *Yoldaşları bunu eşidərkən bir nəfər kimi Allaha nida etdilər: «Ey Pərvərdigarımız, yeri, göyü, dənizi və bunların içindəki hər şeyi yaradan Sənsən. 25 *Müqəddəs Ruh vasitəsilə Öz qulun atamız Davudun dili ilə belə dedin:

“Nə üçün millətlər belə hirslənir,

Ümmətlər boş şeylər düşünür?

26 Dünya şahları yığışır,

Hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir”.

27 *Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə* toplaşdı ki, 28 Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin. 29 İndi, ya Rəbb, onların etdikləri hədə-qorxuya bax! Biz qullarına güc ver ki, Sənin sözlərini tam cəsarətlə yayaq. 30 Xəstələri sağaltmaq üçün əlini uzat və müqəddəs Qulun İsanın adı ilə əlamətlər və xariqələr göstər». 31 Onlar dualarını qurtaran kimi toplandıqları yer lərzəyə gəldi və onların hamısı Müqəddəs Ruhla dolub Allahın kəlamını cəsarətlə yaymağa başladı.