Fevral-18.mp3

Levililər 21

1 Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin; 2 ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı 3 * yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin. 4 Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.

5 * Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar, 6 özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar. 7 Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir. 8 Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm. 9 Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.

10 Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın. 11 Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin. 12 O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm. 13 Bu kahin bakirə qız alsın; 14 * dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki, 15 onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».

16 Rəbb Musaya dedi: 17 «Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın. 18 Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil, 19 nə əl-ayağından şikəst, 20 nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam, 21 yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın. 22 Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər. 23 Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».

24 Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.

Levililər 22

1 Rəbb Musaya dedi: 2 «Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm. 3 Onlara de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.

4 Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs, 5 onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəs də – 6 belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs yeməkdən yeməsin. 7 Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir. 8 Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm. 9 Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.

10 Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin. 11 Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər. 12 Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin. 13 Amma dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz. 14 Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə edərək əvəzini kahinə qaytarsın. 15 Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ləkələməsinlər. 16 Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».

17 Rəbb Musaya dedi: 18 «Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim 19 sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun. 20 * Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz. 21 Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın. 22 Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin. 23 Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz. 24 Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin. 25 Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».

26 Rəbb Musaya dedi: 27 «Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın. Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər. 28 Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin. 29 Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun. 30 Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb Mənəm.

31 Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm. 32 Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm. 33 Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».



Mark 3:7-3:35

İsa xəstələrə şəfa verir

7 İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. 8 İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. 9 *İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. 10 Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. 11 Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» 12 Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

On İki şagird