İyun 19.mp3

1 Salnamələr 27

1 İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur: 2 birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 3 O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi. 4 İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi. 5 Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 6 «Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi. 7 Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 8 Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 9 Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 10 Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 11 Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 12 Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 13 Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 14 On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. 15 On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.

16 İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya; 17 Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq; 18 Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri; 19 Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot; 20 Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel; 21 Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel; 22 Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.

23 * Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi. 24 * Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.

25 Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan; 26 tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri; 27 üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; 28 yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş; 29 Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat; 30 dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya; 31 qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.

32 Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi. 33 Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi. 34 Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.



Həvarilərin işləri 4:32-5:11

Həvarilərin işləri 4:32-4:37

İlk imanlıların birlik içində həyatı

32 *İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. 33 Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. 34 Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, 35 həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. 36 Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif 37 sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.

Həvarilərin işləri 5:1-5:11

Xananya və Sapfira

1 Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. 2 O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. 3 Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? 4 Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». 5 Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. 6 Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.

7 Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. 8 Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». 9 Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». 10 Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. 11 Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.


<aside> ➡️

Növbəti Gün

</aside>

<aside> 🔙

İyun

</aside>