Mart 19.mp3

Qanunun Təkrarı 14

1 Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. 2 Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.

3 Murdar şeylər yeməyin. 4 Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, 5 maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. 6 Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. 7 Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. 8 Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.

9 Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 10 Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.

11 Bütün pak quşların ətindən yeyə bilərsiniz. 12 Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 13 çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 14 bütün qarğa cinsindən olanlar, 15 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 16 yapalaq, böyük bayquş, ağ bayquş, 17 qutan, leş kərkəsi, qarabatdaq, 18 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 19 Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 20 Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.

21 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.

22 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. 23 Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. 24 Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, 25 o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. 26 Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. 27 Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.

28 Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 29 Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.

Qanunun Təkrarı 15

1 Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın. 2 Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir. 3 Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız. 4 Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda 5 Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz, 6 Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək.

7 Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. 8 Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin. 9 Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. 10 Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək. 11 Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun.

12 Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin. 13 Azad edərkən onları əliboş yola salmayın. 14 Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin. 15 Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.

16 Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə, 17 onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin. 18 Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək.

19 Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın. 20 Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin. 21 Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin. 22 Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər. 23 Qanını isə yeməyin, onu su kimi torpağa tökün.

Qanunun Təkrarı 16

1 Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı. 2 Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin. 3 Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın. 4 Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. İlk gün axşam qurban kəsdiyiniz heyvanların əti səhərə qədər qalmasın.

5 Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin, 6 ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin. 7 Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın. 8 Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin.

9 Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və 10 Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin. 11 Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz. 12 Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin.

13 Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin. 14 Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz. 15 Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız.