Aprel 19.mp3

Rut 3

1 Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı? 2 Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur. 3 Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə. 4 Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».* 5 Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.

6 Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi. 7 Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı. 8 Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb. 9 O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan». 10 Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün. 11 Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan. 12 * Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var. 13 Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».

14 Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib». 15 Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.

16 O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı, 17 sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma». 18 Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».

Rut 4

1 Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu. 2 Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular. 3 Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır. 4 Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm». 5 Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın». 6 Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm».

7 * Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri öz çarığını çıxarıb başqasına verərdi. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi. 8 Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o öz çarığını çıxardı. 9 Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram. 10 * Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz». 11 * Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın. 12 * Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».

13 Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. 14 Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın. 15 Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur». 16 Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu. 17 Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.

18 Peresin nəsli budur: Peresdən Xesron törədi. 19 Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. 20 Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 21 Salmondan Boaz törədi. Boazdan Oved törədi. 22 Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.



Luka 16:1-16:18

Fərasətli idarəçi məsəli

1 İsa şagirdlərə bunları danışdı: «Varlı bir adamın idarəçisi var idi. Ona xəbər çatdırıldı ki, idarəçi onun əmlakını israf edir. 2 Varlı adam onu yanına çağırıb dedi: “Bu nədir, sənin haqqında mən nələr eşidirəm? Mənə idarəçiliyinin hesabatını ver. Sən artıq idarəçi ola bilməzsən”.

3 İdarəçi öz-özünə dedi: “Mən nə edəcəyəm? Ağam idarəçiliyi əlimdən alır. Torpaq belləməyə gücüm yoxdur, dilənməkdən də utanıram. 4 İşdən qovulanda məni öz evlərinə qəbul etsinlər deyə nə edəcəyimi bilirəm”.

5 Ona görə də öz ağasına borclu olanları bir-bir çağırıb birincisinə dedi: “Mənim ağama nə qədər borclusan?” 6 O “yüz bat* zeytun yağı” dedi. İdarəçi ona dedi: “Öz qəbzini götür, otur və tez yaz: əlli”. 7 Sonra o birisinə dedi: “Bəs sənin nə qədər borcun var?” O cavab verdi: “Yüz kor buğda”. İdarəçi ona dedi: “Öz qəbzini götür və yaz: səksən”.

8 Ağası haqsızlıq edən idarəçini fərasətli hərəkət etdiyinə görə təriflədi. Çünki bu dövrün övladları öz nəsilləri ilə münasibətlərində nur övladlarından daha fərasətlidir. 9 Mən sizə bunu deyirəm: haqsız qazanc olan sərvətlə özünüzə dostlar qazanın ki, bu sərvət yox olduqda siz əbədi məskənlərə qəbul olunasınız.

10 Ən balaca bir işdə sadiq olan kəs böyük işdə də sadiqdir, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. 11 Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadiq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? 12 Əgər başqasının malından istifadə etməkdə sadiq olmadınızsa, öz malınızı sizə kim verər? 13 *Heç bir nökər iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə isə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə§ qulluq edə bilməzsiniz».