1 Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
2 Vaiz deyir:
«Hər şey puçdur, puçdur, tamam puçdur!
3 İnsanın səma altında çəkdiyi
Bütün zəhmətlərinin nə faydası var?
4 Bir nəsil gedir, o biri nəsil gəlir,
Amma dünya daim qalır.
5 Günəş çıxır, günəş batır,
Sonra tələsik yerinə dönür ki,
Təzədən çıxsın.
6 Külək cənub səmtinə əsir,
Sonra şimal səmtinə dönür.
Dönə-dönə gedir,
Öz yolunu təkrar edir.
7 Bütün çaylar dənizə axır,
Amma dəniz heç vaxt dolmur.
Axdıqları yerə qayıdırlar ki,
Təzədən axsınlar.