Yanvar-19.mp3

Yaradılış 43

1 Kənan torpağında aclıq güclənmişdi. 2 Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».

3 Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. 4 Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. 5 Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin». 6 İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?» 7 Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?» 8 Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. 9 Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam. 10 Çünki biz gecikməsəydik, indi iki dəfə gedib-qayıdardıq».

11 Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün. 12 Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub. 13 Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. 14 Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».

15 Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular. 16 Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər». 17 O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı. 18 Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». 19 Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər: 20 «Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik. 21 Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq. 22 Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik». 23 Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. 24 O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi. 25 Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər.

26 Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər. 27 Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» 28 Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib təzim etdilər.

29 Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin». 30 Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı. 31 Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin». 32 Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi. 33 Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar. 34 Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.

Yaradılış 44

1 Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy. 2 Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. 3 Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. 4 Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? 5 Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».

6 Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. 7 Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. 8 Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? 9 Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq». 10 O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». 11 Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı. 12 Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. 13 Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.

14 Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. 15 Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?» 16 Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq». 17 O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».

18 Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. 19 O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda 20 biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. 21 Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. 22 Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”. 23 Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”. 24 Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. 25 Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. 26 Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. 27 Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. 28 Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. 29 Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. 30 İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız 31 onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. 32 Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. 33 İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. 34 Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».



Matta 13:53-14:13

Matta 13:53-58

İsa Öz yurdunda rədd edilir

53 İsa bu məsəlləri bitirəndən sonra oradan ayrıldı. 54 Öz yurduna gələrək oradakı sinaqoqda xalqı öyrətməyə başladı. Camaat təəccüblənərək dedi: «Bu Adamda belə hikmət, belə möcüzələr yaradan qüdrət haradandır? 55 Bu, dülgərin Oğlu deyilmi? Anasının adı Məryəm deyilmi? Yaqub, Yusif, Şimon və Yəhuda Onun qardaşları deyilmi? 56 Bütün bacıları aramızda yaşamırmı? Bəs onda bu Adama bütün bu şeylər haradandır?» 57 *Onların İsaya acığı tutdu. Amma İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 58 İsa onların imansızlığı üzündən orada çox möcüzə yaratmadı.

Matta 14:1-13