İyun 2.mp3

2 Padşahlar 15:22b-15:38

22b və yerinə oğlu Peqahya padşah oldu.

23 Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. 24 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 25 Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.

26 Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

27 Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi. 28 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.

29 İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. 30 Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.

31 Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

32 İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. 33 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi. 34 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 35 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.

36 Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 37 Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı. 38 Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.

2 Padşahlar 16

1 Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu. 2 Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi. 3 * Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi. 4 O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı.

5 * Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər. 6 O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Edomlular Elata girdilər və bu günə qədər orada yaşayırlar.

7 Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar». 8 Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi. 9 Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü.

10 Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi. 11 Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi. 12 Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı. 13 Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi. 14 * Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu. 15 Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq». 16 Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi.

17 * Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu. 18 Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü.

19 Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 20 * Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu.

2 Padşahlar 17

1 Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi. 2 O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi. 3 Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi. 4 Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.

5 Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı. 6 Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.