2 Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu. 3 * Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı.
4 * Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi. 5 Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər. 6 Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər. 7 Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar. 8 Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər. 9 Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu. 10 Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı».
11 Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar. 12 Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı. 13 Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi. 14 Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi. 15 Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı: 16 nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı; 17 nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər; 18 nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər – 19 öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər.
20 Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü. 21 O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.
1 Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi. 2 Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə 3 şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi. 4 Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər. 5 Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi. 6 O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi: 7 «Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür. 8 Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.
9 Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi: 10 «Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz? 11 ‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı? 12 O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi? 13 Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi? 14 Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin? 15 Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»
16 Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi. 17 O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək». 18 Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar. 19 Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.
20 Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər. 21 Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü. 22 Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu. 23 Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.
24 * O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi. 25 Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi. 26 Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.
27 Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi. 28 Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi. 29 O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi. 30 Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı. 31 Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi.
32 Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır. 33a Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər.
Antakya cəmiyyətindəkilər
19 *Stefanın öldürülməsi ilə başlanan təqib nəticəsində pərən-pərən düşən imanlılar Finikiya, Kipr və Antakyaya qədər getdilər. Allahın kəlamını yalnız Yəhudilərə dedilər. 20 Amma onların arasından bəzi Kiprli və Kirenalılar Antakyaya gedib yunanca danışanlarla da söhbətə başladılar. Onlara Rəbb İsa ilə bağlı Müjdəni yayırdılar. 21 Rəbbin əli onların üzərində idi və bunun nəticəsində xeyli insan iman gətirib Rəbbə tərəf döndü. 22 Bunların xəbəri Yerusəlimdəki cəmiyyətə çatdı və Barnabanı Antakyaya göndərdilər. 23 O oraya çatanda Allahın lütfünün bəhrəsini görüb sevindi. O hamını həvəsləndirirdi ki, can-dildən Rəbbə bağlı qalsınlar. 24 Çünki özü Müqəddəs Ruhla və imanla dolu, xeyirxah bir kişi idi. Bunun nəticəsində də böyük bir kütlə Rəbbə iman gətirdi. 25 Sonra Barnaba Tarsusa gedib Şaulu axtardı. 26 Onu tapan kimi Antakyaya gətirdi. Bir il ərzində oradakı imanlılar cəmiyyətinə qoşulub bir yerdə yığılaraq böyük bir kütləyə təlim öyrədirdi. Şagirdlər ilk dəfə olaraq Antakyada məsihçi adlandırıldı.
27 Elə həmin günlərdə Yerusəlimdən Antakyaya bəzi peyğəmbərlər gəldi. 28 *Bunlardan Aqab adlı biri qalxıb Ruhun təsiri ilə bütün dünyada böyük bir aclıq olacağını bildirdi. Bu aclıq Klavdinin hakimiyyəti dövrünə təsadüf olundu. 29 Şagirdlər qərara aldılar ki, hər biri gücü çatan qədər Yəhudeyada yaşayan imanlı bacı-qardaşlarına yardım göndərsin. 30 Bu qərara əməl edərək yardımları Barnaba və Şaulun əli ilə cəmiyyət ağsaqqallarına göndərdilər.