Yanvar-2.mp3

Yaradılış 3

1 * Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» 2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. 3 Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» 4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. 5 Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». 6 * Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. 7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.

8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər. 9 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?» 10 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm». 11 Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?» 12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim». 13 * Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».

14 Rəbb Allah ilana dedi:

«Sən bunu etdiyin üçün

Bütün ev heyvanları və çöl heyvanları arasında

Lənət qazanırsan.

Qarnın üstündə sürünəcəksən,

Bütün ömrün boyu torpaq yeyəcəksən.

15 * Mən səninlə qadın arasına,

Sənin balanla onun övladı arasına

Düşmənçilik salıram.

Bu övlad sənin başından vuracaq,

Sən də onu dabanından sancacaqsan».

16 Sonra Rəbb Allah qadına dedi:

«Hamilə olanda sənə

Çox əziyyət verəcəyəm,

Uşaqlarını ağrı içində doğacaqsan.

Ərinə meylli olacaqsan,