28 Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
29 Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular. 30 Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
31 Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular. 32 Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər. 33 O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
34 Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular. 35 Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.
36 Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular. 37 Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.
38 Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular. 39 Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi.
40 Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi. 41 Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı. 42 Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu. 43 Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
1 Xasor padşahı Yavin bunu eşidəndə Madon padşahı Yovava, Şimron padşahına, Akşaf padşahına, 2 şimalda – dağlıq yerlərdəki, Kinneretin cənubunda olan Aravadakı, yamaclı-düzənlikli bölgədəki və qərbdə yerləşən Nafot-Dordakı padşahlara, 3 şərqdə və qərbdə yaşayan Kənanlılara və Emorlulara, Xetlilərə, Perizlilərə, dağlıqda yaşayan Yevuslulara, Xermon dağının aşağısındakı Mispa diyarında yaşayan Xivlilərə xəbər göndərdi. 4 Bunlar özləri ilə birgə bütün orduları dəniz sahilindəki qum kimi böyük xalq olaraq çoxlu at və döyüş arabaları ilə gəldilər. 5 Bütün bu padşahlar birləşdilər və İsraillilərlə vuruşmaq üçün gəlib Merom suları yanında birgə ordugah qurdular.
6 Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki sabah bu vaxt hamısını İsraillilərin qarşısında öldürüb təslim edəcəyəm, onların atlarının ayaq vətərini kəsəcəksən, döyüş arabalarına od vurub yandıracaqsan». 7 Yeşua və onunla birgə bütün döyüşçülər Merom suları yanında qəflətən düşmənlərin üstünə çıxdılar və onlara hücum etdilər. 8 Rəbb onları İsraillilərə təslim edib qırdırdı. İsraillilər böyük Sidona və Misrefot-Mayimə qədər, şərq tərəfdəki Mispa vadisinə qədər düşmənləri qovub heç kim sağ qalmayana qədər hamısını qırdılar. 9 Yeşua Rəbbin ona dediyi kimi onlarla rəftar etdi; atlarının ayaq vətərini kəsdi və döyüş arabalarına od vurub yandırdı.
10 O vaxt Yeşua geri qayıdıb Xasoru aldı və onun padşahını qılıncla öldürdü. Xasor əvvəlcə bütün bu ölkələrin başı idi. 11 Orada olan bütün adamları qılıncdan keçirib tamamilə məhv etdilər, nəfəs çəkən bir nəfər də qalmadı. Sonra Xasora od vurdu. 12 Rəbbin qulu Musanın əmr etdiyi kimi Yeşua bu padşahların bütün şəhərlərini və bütün padşahları tutub hamısını qılıncdan keçirərək tamamilə məhv etdi. 13 Ancaq Yeşuanın yandırdığı Xasordan başqa təpəciklər üstündə olan şəhərlərdən heç birini İsraillilər yandırmadılar. 14 İsrail övladları bu şəhərlərin bütün əmlakını və heyvanlarını qarət etdilər. Hamısını həlak edənədək qılıncdan keçirib məhv etdilər, nəfəsi çəkən bir adam belə, qalmadı. 15 Rəbbin qulu Musaya əmr etdiyini Musa da Yeşuaya əmr etdi və Yeşua da belə etdi. Rəbb Musaya nə əmr etmişdisə, hamısını yerinə yetirdi.
16 Yeşua Seirə çıxan Xalaq dağından, Xermon dağı altında, Livan vadisindəki Baal-Qada qədər bütün bu diyarı – dağları, 17 bütün Negevi, bütün Qoşen diyarını, yamaclı-düzənlikli bölgəni, Aravanı və İsrailin dağlıq və yamaclı-düzənlikli bölgəsini aldı. Onların bütün padşahlarını tutdu və vurub öldürdü. 18 Yeşua uzun müddət bu padşahlarla vuruşdu. 19 Giveonun əhalisi olan Xivlilərdən başqa İsrail övladları ilə sülh bağlayan başqa bir şəhər yox idi. Bütün yerlər döyüşlə alınmışdı. 20 * Çünki Rəbbin Musaya əmr etdiyi kimi İsraillilər onları rəhm etmədən tamamilə məhv etdilər. Beləliklə, İsraillilərə qarşı döyüşə çıxmağa onların ürəyini sərtləşdirən Rəbbin Özü idi.
21 O vaxt Yeşua gedib dağlıq Xevronda, Devirdə, Anavda, bütün Yəhudanın dağlıq bölgəsində və bütün İsrailin dağlıq bölgəsində olan Anaqlıları qırıb məhv etdi. Yeşua onları şəhərləri ilə birgə tamamilə yerlə yeksan etdi. 22 İsrail övladlarının torpağında Anaqlılar qalmadı, onlar ancaq Qəzzədə, Qatda və Aşdodda qaldı. 23 Rəbbin Musaya dediyi kimi Yeşua bütün ölkəni aldı. Yeşua oranı İsraillilərə, hər qəbiləyə irs olaraq öz payını verdi. Ölkə müharibədən əmin-amanlığa çıxdı.
1 * İsrail övladları bu padşahları öldürdülər və onların torpaqlarını – İordan çayının şərqindəki bütün Arava ilə Arnon vadisindən Xermon dağına qədər olan yeri zəbt edib özlərinə mülk etdilər. 2 Xeşbonda yaşayan Emorluların padşahı Sixon bu torpaqlarda hökmranlıq etmişdi: Arnon vadisi sahilindəki Aroerdən və vadinin ortasındakı Ammonluların sərhədi olan Yabboq çayına qədər Gileadın yarısı, 3 şərqə tərəf Kinneret gölündən Arava dənizinə, yəni Duz dənizinə qədər, şərqdə Bet-Yeşimot istiqamətinə və cənuba tərəf Pisqa yamaclarının ətəklərinə qədər Arava torpağı idi. 4 Sağ qalan Rafalılardan biri olan Başan padşahı Oq Aştarotda və Edreidə hökmranlıq edirdi. 5 O, Xermon dağında, Sakada, Geşurlular və Maakatlılar sərhədinə qədər bütün Başanda, Xeşbon padşahı Sixonun sərhədinə qədər Gileadın yarısında hökmranlıq edirdi.
6 * Rəbbin qulu Musa və İsrail övladları onları öldürdülər. Sonra Rəbbin qulu Musa onların torpaqlarını irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdi.
7 Livan vadisində olan Baal-Qaddan Seirə çıxan Xalaq dağına qədər İordan çayının qərb tərəfində olan torpaqlarda Yeşua ilə İsrail övladlarının öldürdükləri padşahlar bunlardır: 8 Yeşua dağlıq bölgədə, yamaclı-düzənlikli bölgədə, Aravada, yamaclarda, çöldə, Negevdə yerləşən bu torpaqları, yəni Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevuslular ölkəsini, İsrail qəbilələrinə torpaq payı kimi mülk olaraq verdi.
9 Yerixo padşahı;