Noyabr 2.mp3

Yeremya 36

1 * Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının dördüncü ilində Rəbdən Yeremyaya bu söz nazil oldu: 2 «Bir tumar götür, Yoşiyanın dövründə səninlə ilk dəfə danışdığım gündən indiyə qədər İsrail, Yəhuda və başqa millətlər haqqında sənə söylədiyim bütün sözləri oraya yaz. 3 Bəlkə Yəhuda xalqı başına gətirməyi niyyət etdiyim bütün fəlakətlər barəsində xəbər alanda öz pis yolundan dönər, Mən də onların təqsirlərini və günahlarını bağışlayaram». 4 O zaman Yeremya Neriya oğlu Baruku çağırdı. Baruk da Rəbbin Yeremyaya söylədiyi bütün sözləri onun dilindən eşidib tumara yazdı. 5 Yeremya Baruka əmr edib dedi: «Mən məhbusam, Rəbbin məbədinə gedə bilmərəm. 6 Sən oruc günü Rəbbin məbədinə get. Oradakı xalqa mənim dilimdən eşidib tumara yazdığın Rəbbin sözlərini oxu. Yəhuda şəhərlərindən gələn bütün xalqa bunu oxu. 7 Bəlkə onda Rəbbə yalvarışla müraciət edib öz pis yollarından dönərlər. Çünki Rəbbin bu xalq barədə ifadə etdiyi qəzəb və hiddət böyükdür». 8 Neriya oğlu Baruk Yeremya peyğəmbərin əmr etdiyi hər şeyə əməl etdi, tumarda yazılmış Rəbbin sözlərini Onun məbədində oxudu.

9 Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqimin padşahlığının beşinci ilinin doqquzuncu ayında Yerusəlimdə yaşayan və Yəhuda şəhərlərindən Yerusəlimə gələn bütün xalq Rəbbin önündə oruc elan etdi. 10 Mirzə Şafan oğlu Gemaryanın yuxarı həyətdə, məbədin Yeni darvazasının girişindəki otağında Baruk tumardan Yeremyanın sözlərini Rəbbin məbədinə yığışmış bütün xalqa oxudu.

11 Şafan oğlu Gemarya oğlu Mikeya tumardan oxunan Rəbbin sözlərini eşidən kimi 12 aşağı enib saraydakı mirzə otağına getdi. Bütün başçılar orada toplaşmışdı: mirzə Elişama, Şemaya oğlu Delaya, Akbor oğlu Elnatan, Şafan oğlu Gemarya, Xananya oğlu Sidqiya və başqaları. 13 Mikeya Barukun xalqa oxuduğu tumardan hər şeyi onlara danışdı.

14 Bundan sonra bütün başçılar Kuşi oğlu Şelemya oğlu Netanya oğlu Yehudini Barukun yanına göndərdi. Yehudi Baruka «xalqa oxuduğun tumarı götür gəl» dedi. Neriya oğlu Baruk əlində tumar onların yanına getdi. 15 Başçılar ona dedi: «Buyur əyləş, bunu bizə də oxu». Baruk da tumarı onlara oxudu. 16 Onlar bütün bu sözləri eşidəndə qorxu içində bir-birlərinə baxıb Baruka dedilər: «Bütün bu sözləri mütləq padşaha bildirməliyik». 17 Sonra Barukdan soruşdular: «İndi bizə söylə, bütün bu sözləri necə yazdın? Yeremya diktə etdimi?» 18 Baruk onlara dedi: «Bütün bu sözləri Yeremya mənə diktə etdi, mən də mürəkkəblə tumara yazdım». 19 Başçılar Baruka dedi: «Sən də, Yeremya da gedin gizlənin. Harada olduğunuzu heç kəs bilməsin».

20 Sonra onlar tumarı mirzə Elişamanın otağında qoyub həyətdə olan padşahın yanına getdilər. Eşitdikləri hər şeyi ona danışdılar. 21 Padşah tumarı götürüb gətirməsi üçün Yehudini göndərdi. Yehudi tumarı mirzə Elişamanın otağından götürüb gətirdi. Onu padşaha və padşahın yanında duran bütün başçılara oxudu. 22 Bu zaman doqquzuncu ay idi və padşah qış sarayında yaşayırdı. Onun önündə odlu manqal yanırdı. 23 Yehudi tumardan hələ üç-dörd sütun oxumuşdu ki, padşah mirzə bıçağı ilə onları kəsib manqaldakı oda atdı. Bunu o vaxta qədər etdi ki, bütün tumar manqalda yanıb-qurtardı. 24 Tumardakı bütün sözləri eşidən padşah və onun əyanları nə qorxuya düşdülər, nə də paltarlarını cırdılar. 25 Elnatan, Delaya və Gemarya tumarı yandırmaması üçün yalvarsa da, padşah onlara qulaq asmadı. 26 Əksinə, o, şahzadə Yeraxmeelə, Azriel oğlu Serayaya və Avdeel oğlu Şelemyaya əmr etdi ki, mirzə Baruku və Yeremya peyğəmbəri tutsunlar. Ancaq Rəbb onları gizlətmişdi.

27 Barukun Yeremyanın dilindən eşidib yazdığı tumarı padşah yandırandan sonra Rəbdən Yeremyaya bu söz nazil oldu: 28 «Başqa bir tumar götür, bütün əvvəlki sözləri – Yəhuda padşahı Yehoyaqimin yandırdığı ilk tumarda olanları oraya yaz. 29 Yəhuda padşahı Yehoyaqim üçün də söylə ki, Rəbb belə deyir: “Sən bu tumarı yandırıb söylədin ki, nə üçün Babil padşahının mütləq gəlib bu ölkəni xarabalığa çevirəcəyini, oradakı insanları da, heyvanları da məhv edəcəyini bu tumara yazdın?” 30 Buna görə də Yəhuda padşahı Yehoyaqim barədə Rəbb belə deyir: “Onun nəslindən heç kəs Davudun taxtında oturmayacaq. Cəsədi gündüzün istisinə, gecənin ayazına atılacaq. 31 Özünü, nəslini və əyanlarını günahlarından ötrü cəzalandıracağam. Haqqında danışdığım bütün fəlakətləri onların, Yerusəlimdə yaşayanların və Yəhuda adamlarının başına gətirəcəyəm, çünki qulaq asmadılar”».

32 Yeremya başqa bir tumar götürüb mirzə Neriya oğlu Baruka verdi. Yəhuda padşahı Yehoyaqimin oda atıb yandırdığı tumardakı bütün sözləri Baruk Yeremyanın diktəsi ilə tumara yazdı. O sözlərə bənzər bir çox söz də oraya əlavə olundu.

Yeremya 37

1 * Babil padşahı Navuxodonosorun Yəhudaya təyin etdiyi Yoşiya oğlu Sidqiya, Yehoyaqim oğlu Yehoyakinin yerinə padşah oldu. 2 Ancaq Yeremya peyğəmbər vasitəsilə Rəbbin söylədiyi sözlərə nə padşah Sidqiya, nə onun əyanları, nə də ölkə xalqı qulaq asdı.

3 Padşah Sidqiya Şelemya oğlu Yehukalı və Maaseya oğlu kahin Sefanyanı Yeremya peyğəmbərin yanına göndərdi ki, ona desinlər: «Bizim üçün Allahımız Rəbbə dua et». 4 O vaxt Yeremya xalqın arasında açıq gedib-gəlirdi, çünki onu hələ zindana atmamışdılar. 5 Bu zaman fironun qoşunları Misirdən çıxmışdı. Yerusəlimi mühasirəyə alan Xaldeylilər bu barədə xəbər eşidən kimi Yerusəlimdən çəkildi.

6 O vaxt Yeremya peyğəmbərə Rəbbin bu sözü nazil oldu: 7 «İsrailin Allahı Rəbb belə deyir: “Məndən soruşmaq üçün sizi yanıma göndərən Yəhuda padşahına söyləyin ki, sizə kömək etməyə çıxan fironun ordusu öz ölkəsinə – Misirə qayıdacaq. 8 Xaldeylilər yenə gəlib bu şəhərə hücum edəcək və onu ələ keçirib yandıracaq”. 9 Rəbb belə deyir: “Xaldeylilər mütləq geri çəkiləcək” deyib özünüzü aldatmayın, çünki onlar geri çəkilməyəcək. 10 Əgər sizə hücum edən bütün Xaldey ordusunu məğlub etsəniz və onların arasında yalnız yaralı adamlar qalsa belə, yenə hər biri öz çadırından qalxıb bu şəhəri yandıracaq».

11 Firon ordusunun üzündən Xaldey ordusu Yerusəlimdən çəkilən zaman 12 Yeremya Binyamin torpağına getmək üçün Yerusəlimdən yola düşdü. Oradakı xalq arasında öz irs payını almaq istəyirdi. 13 Binyamin darvazasına çatanda keşikçilərin başçısı Xananya oğlu Şelemya oğlu İriyanı orada gördü. İriya «sən Xaldeylilərin tərəfinə keçirsən» deyərək onu tutdu. 14 Yeremya «yalandır, mən Xaldeylilərin tərəfinə keçmirəm» dedi. Ancaq İriya Yeremyaya qulaq asmadı və onu tutub başçıların yanına gətirdi. 15 Başçılar Yeremyaya qəzəblənib onu döydülər. Sonra onu mirzə Yonatanın evinə – həbsxanaya saldılar, çünki o evi həbsxana etmişdilər. 16 Yeremya çəni olan zirzəmidə zindana salındı, uzun müddət orada qaldı.

17 O zaman padşah Sidqiya adam göndərib onu gətirtdi. Padşah öz sarayında gizlicə ondan soruşdu: «Rəbdən bir söz varmı?» Yeremya «var» deyə cavab verdi, «Babil padşahına təslim ediləcəksən». 18 Sonra Yeremya padşah Sidqiyaya dedi: «Sənə, əyanlarına və bu xalqa qarşı nə günah etdim ki, məni həbsxanaya saldınız? 19 “Babil padşahı sizə və bu ölkəyə hücum etməyəcək” deyə sizin üçün peyğəmbərlik edən peyğəmbərləriniz indi haradadır? 20 Ey ağam padşah, indi xahiş edirəm, qulaq as. Xahiş edirəm, bu yalvarışımı qəbul et və məni mirzə Yonatanın evinə qaytarma, qoy orada ölməyim».

21 Padşah Sidqiya əmr etdi və Yeremyanı keşikçilər həyətində saxladılar. Şəhərdə çörək ehtiyatı qurtarana qədər hər gün ona çörək bişirənlər küçəsindən gətirib bir parça çörək verirdilər. Beləcə Yeremya mühafizəçilər həyətində qaldı.

Yeremya 38

1 Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi: 2 «Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”. 3 Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”». 4 Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır». 5 Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz». 6 O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.

7 Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu. 8 Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi: 9 «Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı». 10 Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart». 11 Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar. 12 Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi. 13 Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.

14 Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə». 15 Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan». 16 Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».