33b Onun yerinə oğlu Menaşşe padşah oldu.
1 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi 2 * O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi. 3 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi. 4 * Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı. 5 Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi. 6 O, oğullarını Ben-Hinnom vadisində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi. 7 * Düzəltdiyi oyma bütü Allahın məbədinə qoydu. Bu məbəd barədə Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam. 8 Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına təyin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam». 9 Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı.
10 Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı. 11 Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar. 12 O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu, 13 Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır.
14 Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu. 15 Menaşşe özgə allahları, Rəbbin məbədindəki bütü, Rəbbin məbədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı. 16 O, Rəbbin qurbangahını təmir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi. 17 Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi.
18 Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır. 19 Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü aşağı tutmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır. 20 Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu.
21 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. 22 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi. 23 O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə aşağı tutmadı, əksinə, Amon get-gedə daha çox günah etdi. 24 Əyanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər. 25 Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.
1 * Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. 2 O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.
3 Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı. 4 * Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi. 5 * Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi. 6 Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı. 7 Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.
8 Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi. 9 Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astana keşikçisi olan Levililərin yığdıqları pulu 10 Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə – 11 dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar. 12 Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu. 13 Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi.
14 Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı. 15 Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi. 16 Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir. 17 Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər». 18 Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu. 19 Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı. 20 Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi: 21 «Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».
22 Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər. 23 Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki, 24 Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm. 25 Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”. 26 Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin. 27 Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir. 28 “Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.
29 Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı. 30 Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu. 31 Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. 32 O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi. 33 Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.
1 Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər. 2 O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı. 3 Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin. 4 * İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun. 5 Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın. 6 Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».
7 Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi. 8 Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi. 9 Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.
10 Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb 11 Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular. 12 Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər. 13 * Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar. 14 Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər. 15 * Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.