May 3.mp3

2 Şamuel 5

1 İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 2 Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan». 3 İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

4 * Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi. 5 O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi.

6 * Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz. 7 Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. 8 Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək. 9 Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi. 10 Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi.

11 Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər. 12 Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib.

13 Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu. 14 Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, 15 İvxar, Elişua, Nefeq, Yafia, 16 Elişama, Elyada və Elifelet.

17 Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi. 18 Filiştlilər gəlib Refaim vadisinə yayıldı. 19 Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm». 20 Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim* qoydular. 21 Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.

22 Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar. 23 Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. 24 Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». 25 Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı.

2 Şamuel 6

1 Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi. 2 * Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın. 3 * Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü. 4 Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi. 5 Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar.

6 Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu. 7 Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü. 8 Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza* deyilir. 9 Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?» 10 Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu. 11 * Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi.

12 Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı. 13 Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi. 14 O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi. 15 Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar.

16 Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.

17 Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi. 18 Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi. 19 * İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı.

20 Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!» 21 Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm. 22 Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm». 23 Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı.

2 Şamuel 7

1 Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. 2 O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır». 3 Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».

4 Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu: 5 «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən? 6 İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm. 7 Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?” 8 İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. 9 Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. 10 Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər. 11 Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək. 12 * “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. 13 O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm. 14 * Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam. 15 Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam. 16 Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”». 17 Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

18 Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? 19 Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb? 20 Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan! 21 Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin. 22 Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. 23 Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın. 24 Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.