Yanvar-3.mp3

Yaradılış 6

1 İnsanlar yer üzündə çoxalmağa başladı və onların qızları doğuldu. 2 O zaman Allah oğulları gördülər ki, insan qızları çox gözəldir və bəyəndikləri hər qızı özlərinə arvad etdilər. 3 Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq».

4 Həmin dövrdə və Allah oğulları insan qızlarını arvad alıb övladları doğulan dövrdə də yer üzündə böyük adamlar* yaşayırdı. Bunlar qədim dövrün qəhrəman və adlı-sanlı adamları idi.

5 * Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir. 6 O, yer üzündə insanları yaratdığına peşman oldu və ürəyində kədərləndi. 7 Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam». 8 Ancaq Nuh Rəbbin gözündə lütf tapdı.

9 * Nuhun tarixçəsi belədir: Nuh saleh və öz nəsli arasında qüsursuz bir adam idi. O, Allahla bir yol gedirdi. 10 Nuhun üç oğlu oldu: Sam, Ham və Yafəs. 11 Ancaq Allahın önündə yer üzündəki insanlar pozğunlaşmışdı və dünya zorakılıqla dolmuşdu. 12 Allah yer üzündəki insanların daha da pozğunlaşdığını gördü, çünki dünyadakı bütün bəşər yolunu azmışdı.

13 Allah Nuha dedi: «Önümdə olan bütün bəşərin sonu çatıb, çünki yer üzü onların zorakılığı ilə dolub. Buna görə də Mən onları yer üzü ilə birgə məhv edəcəyəm. 14 Özünə qofer ağacından bir gəmi düzəlt, onun içində otaqlar düzəlt, üstünə içəridən və bayırdan qatran vur. 15 Gəmini belə düzəlt: onun uzunluğu üç yüz qulac, eni əlli qulac, hündürlüyü isə otuz qulac olsun. 16 Gəminin üstündən bir qulac aşağı pəncərə açarsan və qapısını yan tərəfdən qoyarsan. Gəminin üç mərtəbəsi olsun: biri altda, biri ortada, biri də üstdə.

17 Bax Mən yer üzünü suya qərq edəcəyəm ki, göylər altında həyat nəfəsi olan bütün canlılar məhv olsun və yer üzündə olanların hamısı öləcək. 18 Ancaq əhdimi səninlə bağlayıram. Sən oğulların, arvadın və gəlinlərinlə birgə gəmiyə minərsən. 19 Bütün heyvanlardan, canlı məxluqlardan bir cütünü – erkək və dişisini gəmiyə götürərsən ki, səninlə birgə sağ qalsın. 20 Növlərinə görə quşların, heyvanların və yerdə sürünənlərin hər birindən bir cütü sənin yanına gələcək ki, sağ qalsın. 21 Həmçinin özünlə birlikdə hər cür azuqə götürüb yanına yığ ki, sənin və onların yeməyi olsun».

22 * Nuh hər şeyi etdi: Allah ona necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

Yaradılış 7

1 Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm. 2 Hər pak heyvanın erkək və dişisindən yeddi cüt, hər murdar heyvanın erkək və dişisindən bir cüt götür, 3 həmçinin göydəki hər quşun erkək və dişisindən yeddi cüt götür; qoy bütün yer üzündə onların nəsli kəsilməsin. 4 Çünki yeddi gün sonra yer üzünə qırx gün-qırx gecə yağış yağdıracağam və yaratdığım bütün canlıları yer üzündə məhv edəcəyəm». 5 Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.

6 Yer üzündə daşqın olanda Nuhun altı yüz yaşı var idi. 7 * Nuh, onun arvadı, oğulları və gəlinləri daşqından qurtarmaq üçün birlikdə gəmiyə mindilər. 8 Allahın Nuha əmr etdiyi kimi pak və murdar heyvanların, quşların, bütün yerdə sürünənlərin 9 erkək və dişisi cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi.

10 Yeddi gün sonra yer üzündə daşqın oldu. 11 * Həmin gün – Nuhun ömrünün altı yüzüncü ilində, ikinci ayın on yeddinci günü dərinlikdə olan bütün gur su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı. 12 Yer üzünə qırx gün-qırx gecə yağış yağdı.

13 Elə həmin gün Nuh, onun arvadı, oğulları Sam, Ham, Yafəs və üç gəlini gəmiyə mindilər. 14 Onlarla birgə hər növ çöl heyvanı, hər növ ev heyvanı, hər növ yerdə sürünən, hər növ göydə uçan canlı və hər cür quş gəmiyə girdi: 15 həyat nəfəsi olan bütün canlılardan cüt-cüt Nuhun yanına gəlib gəmiyə mindi. 16 Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.

17 Yer üzündə qırx gün daşqın oldu və su çoxalıb gəmini yerdən yuxarı qaldırdı. 18 Su çox yuxarı qalxıb yer üzünü aldı və gəmi suyun üzündə üzməyə başladı. 19 Su yer üzünü elə tutdu ki, göylər altında olan bütün uca dağlar suya qərq oldu. 20 Su dağların zirvəsindən on beş qulac qalxdı və onları örtdü. 21 Yer üzündə hərəkət edən canlıların hamısı – quşlar, ev heyvanları, çöl heyvanları, yerdə sürünənlər və bütün insanlar məhv oldu. 22 Quruda yaşayan, burnunda həyat nəfəsi olan canlı varlıqların hamısı öldü. 23 Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı. 24 Yüz əlli gün ərzində su yer üzündə çoxaldı.

Yaradılış 8

1 Allah Nuhu və onunla birgə gəmidə olan bütün çöl heyvanlarını və ev heyvanlarını yada saldı. Allah yer üzünə külək göndərdi və su azalmağa başladı. 2 Dərinlikdə olan su qaynaqları və göylərin pəncərələri bağlandı, yağış dayandı. 3 Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azaldı. 4 Yeddinci ayın on yeddinci günü gəmi Ararat dağlarında dayandı. 5 Onuncu aya qədər su yavaş-yavaş çəkildi, onuncu ayın birinci günü dağların zirvələri göründü.

6 Qırx gün sonra Nuh düzəltdiyi gəminin pəncərəsini açıb 7 bir qarğa buraxdı; qarğa uçub getdi və yer üzündə su quruyana qədər hər tərəfi dolaşdı. 8 Nuh bu dəfə bir göyərçin buraxdı ki, suyun yer üzündən çəkilib-çəkilmədiyini bilsin. 9 Amma göyərçin qonmaq üçün rahat bir yer tapmadığına görə onun yanına – gəmiyə qayıtdı, çünki hələ bütün yer üzündə su var idi. Nuh əlini uzadıb göyərçini tutdu və gəmiyə – öz yanına apardı. 10 O daha yeddi gün gözlədi və göyərçini yenə gəmidən buraxdı. 11 Axşamüstü göyərçin onun yanına qayıtdı. Göyərçinin ağzında təzə zeytun yarpağı var idi. Nuh suyun yer üzündən çəkildiyini bildi. 12 O daha yeddi gün gözlədi və göyərçini yenə buraxdı, artıq göyərçin onun yanına qayıtmadı.

13 Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günü yer üzündə su qurudu. Nuh gəminin qapağını qaldırdı və torpağın üzərindəki suyun quruduğunu gördü. 14 İkinci ayın iyirmi yeddinci günü yer üzündəki su tamamilə qurudu.

15 Allah Nuha dedi: 16 «Sən öz arvadın, oğulların və gəlinlərinlə birgə gəmidən çıx. 17 Səninlə birgə olan bütün canlıları – quşları, heyvanları və yerdə sürünənləri bayıra çıxart. Qoy yer üzünə yayılsınlar və yer üzündə törəyib çoxalsınlar». 18 Nuh öz arvadı, oğulları və gəlinləri ilə birgə gəmidən çıxdı. 19 Bütün heyvanlar, sürünənlər, quşlar və yerdə sürünən bütün canlılar dəstə-dəstə gəmini tərk etdilər.